Xankəndi. Trend:
Zilanlı kəndinin Həkəriçayın sağ qolu olan Bazarçay çayının qovuşma hissəsində olması subasma təhlükəsinin yüksək olmasına səbəb olur.
Trend-in yerli müxbiri xəbər ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.
Ə.Əliyev qeyd edib ki, Həkəriçayın yamaclarında atmosfer çöküntülərinin intensiv olduğu dövrdə formalaşan sel sularının ötürülməsi nəzərə alınmalıdır:
"Xanlıq kəndinin 50%-i, Muğanlı kəndinin 15%-i, Zilanlı kəndinin isə 70%-i subasma təhlükəsi olan ərazidə layihələndirilib. Ətraf ərazidə yayılmış süxurların sukeçiricilik və süzülmə xüsusiyyətlərinin yüksək olması kənd ərazilərində qrunt sularının səviyyəsinin səthə yaxın formalaşmasına səbəb olur".
İdarə heyətinin sədri bildirib ki, tikinti işlərinin köhnə kənd ərazisindən kənarda və çay suyunun mütəmadi axdığı sahədə aparılması həmin sahələrin müxtəlif ekzogen geoloji proseslərə - çökmə, çökmə-oturma, subasma, sol sularına məruz qalmasına səbəb ola bilər:
"Kəndlərin layihələndirilən ərazidə tikintisi zamanı subasma və ekzogen geoloji proseslərlə əlaqədar müvafiq qabaqlayıcı bərkidici tədbirlərin aparılması tövsiyə olunur".