Bakı. Trend:
Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. Respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-ə çatdırılıb. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7%-i kənddə yerləşirdi. Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km. təşkil edib. Hazırda isə "Azərpoçt" 35 Poçt Filialı və bütün ölkəni əhatə edən poçt şöbələri ilə xidmətinizdədir.
Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrlərindən
biri II Dünya müharibəsi illərinə təsadüf edir ki, bu illərdə
xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə
düşərdi.
Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü,
çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının
vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə
tələb edirdi. Bu çətinliklərə baxmayaraq, müharibə illərində poçt
işçiləri öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə
yetirirdilər. Görkəmli şairimiz S.Rüstəmin “Ana və poçtalyon” şeiri
bunun bariz nümunəsidir. Müəllif poçtalyonun obrazını çox canlı
yaratmışdır. Səmimi və həssas bir insan olan poçtalyon vəzifəsinə
müqəddəs baxır, cəbhədən gələn məktubla hər ailəni sevindirdikdə bu
sevincdən onun özünə də pay düşür. Gətirdiyi qara xəbərlər isə onun
ən ağır dərdlərinə çevrilir. 1969-cu ildə çəkilən “Azərbaycan film”
kinostudiyasının istehsal etdiyi tammetrajlı bədii filmdə II Dünya
müharibəsində poçtalyonların ağır iş fəaliyyətindən söhbət açılır.
1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edilməsi
beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanmasına və
çatdırılmasına daha yaxşı nəzarət edilməsi imkanı yaradıb. 20-ci
əsrin sonlarında respublikamız müstəqillik əldə etdikdən sonra poçt
rabitəsinin inkişafında yeni mərhələ başladı. 1997-ci ildə
“Azərpoçt” İstehsalat Birliyi kimi işini davam etdirdi. 1999-cu
ildən “Azərpoçt” Dövlət Müəssisəsi kimi fəaliyyət göstərib.
Nəticədə 2000-ci ildən etibarən poçt rabitəsi yenidən rentabelli
fəaliyyət göstərməyə başlayıb.
Rəqəmsal həllər sayəsində ucqar
və kənd bölgələrində yaşayan insanlar da asanca poçt xidmətlərindən
yararlana bilirlər. Buna misal olaraq Almaniya Deutsche Post-un
tətbiqləri vasitəsilə sənədlərin skan olunması və göndərilməsi
imkanlarını göstərmək olar. Bundan başqa Çində China Post,
e-ticarət inteqrasiyası ilə geniş rəqəmsal xidmətlər təklif edir.
Azərbaycanda bu istiqamətdə atılan mühüm addımlardan biri də
“Azərpoçt” MMC tərəfindən həyata keçirilən rəqəmsal həllərdir.
Bütün poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi,
texniki avadanlıqlarla tam təchizatı və informasiya
texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi
göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam
təminat verir.
Ənənəvi poçt xidmətlərindən rəqəmsal platformalara keçid müştərilərə həm vaxt, həm də resurs baxımından bir çox üstünlüklər təqdim edir. Azərpoçt istifadəçilərə göndərişlər barədə SMS və e-poçt vasitəsilə vaxtında məlumat verir.
Bu, insanların poçt şöbələrinə getmədən bağlamalarının statusunu izləməsinə imkan yaradır. Elektron bildirişlər sayəsində istifadəçilər göndərişin harada olduğunu və nə zaman təhvil alınacağını əvvəlcədən öyrənə bilirlər. Azərpoçtun təqdim etdiyi mobil tətbiq və rəsmi veb-sayt vasitəsilə müxtəlif xidmətlər — poçt göndərişlərinin izlənməsi, poçt indeksinin axtarışı, ödənişlərin həyata keçirilməsi və sair mümkün olur. Bu, vətəndaşlara evdən çıxmadan xidmətlərdən faydalanmaq imkanı yaradır və sosial məsafə prinsiplərinə də uyğun gəlir. Azərpoçt yalnız poçt deyil, həm də maliyyə xidmətləri sahəsində rəqəmsal imkanlar yaradır. Elektron pul köçürmələri, kommunal ödənişlərin onlayn şəkildə aparılması, kart xidmətləri və digər maliyyə əməliyyatları müştərilərin gündəlik ehtiyaclarını rahat şəkildə qarşılamağa xidmət edir. Azərpoçt e-ticarət platformaları ilə əməkdaşlıq edərək istifadəçilərə həm ölkə daxilində, həm də xaricdən sifariş edilən məhsulların çatdırılmasını rəqəmsal formada izləmə və idarə etmə imkanı verir. Bu, onlayn alış-veriş edən insanlar üçün çox böyük rahatlıq yaradır.
Azərpoçtun rəqəmsal həlləri regionlarda yaşayan insanlar üçün də əlçatan hala gətirilib. Mobil tətbiq və veb xidmətlər bütün ölkə üzrə istifadəyə açıqdır və bu da xidmətlərin mərkəzləşdirilmiş şəkildə deyil, hər kəs üçün eyni səviyyədə əlçatan olmasını təmin edir.
Ənənəvi poçt xidmətləri ilə müqayisədə rəqəmsal xidmətlər
istifadəçilərə vaxt və pul baxımından qənaət etməyə imkan verir.
Onlayn formada sifarişlərin izlənməsi, ödənişlərin həyata
keçirilməsi və digər funksiyalar istifadəçini uzun növbələrdən və
kağız işlərindən azad edir. Azərpoçtun təqdim etdiyi rəqəmsal
həllər Azərbaycanda poçt və maliyyə xidmətlərinin keyfiyyətini
artırmaqla yanaşı, vətəndaşların gündəlik həyatını da
asanlaşdırır.
Bu həllər texnologiyanın imkanlarından istifadə edərək müştərilərə daha sürətli, təhlükəsiz və rahat xidmət göstərməyi hədəfləyir. Gələcəkdə bu sahədə daha innovativ addımların atılması gözlənilir və bu, ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək. Azərbaycanda poçt xidmətinin yüksək səviyyəsi və ondan yararlanan həmvətənlərimi görəndə qəlbimdə sevinc və kövrək bir titrəyiş hiss edilir. Vaxtilə poçtun nə olduğunu bilməyən və bununla da gülüş hədəfinə çevrilən “novruzəlilər” yada düşür.
Öz xalqını çox sevən, onun gözlərini açmaq istəyən, elmə,
inkişafa səsləyən böyük ədib C.Məmmədquluzadənin arzuları bu gün
artıq reallığa çevrilmişdir. Azərbaycanın yerləşdiyi əlverişli
geostrateji mövqe, ölkə başçısının apardığı məqsədyönlü siyasət
nəticəsində respublikamızda regional və beynəlxalq nəqliyyat
dəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistika
mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt
vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni
imkanlar açıb. Hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron
kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi
(HUB) kimi fəaliyyət göstərməsi sahəsində layihə həyata keçirilir.
Bu məqsədlə "Azərpoçt" MMC və geniş beynəlxalq avia daşıma
imkanlarına malik "Silk Way" Aviaşirkəti arasında əməkdaşlıq
müqaviləsi imzalanıb və 2016-cı ilin iyul ayından fəaliyyətə
başlanıb.
Azərpoçt artıq Qarabağ bölgəsində də fəaliyyətə başlayıb. 30 ilə
yaxın işğal altında qalan Qarabağ torpaqları 2020-ci ildə
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yenidən inkişaf
mərhələsinə qədəm qoydu. Bərpa və quruculuq işləri çərçivəsində
dövlətin müxtəlif qurumları kimi, Azərpoçt MMC də bu bölgədə
fəaliyyətini bərpa edərək, əhaliyə poçt və logistika xidmətləri
göstərməyə başlayıb. Azərpoçtun Qarabağda fəaliyyəti təkcə poçt
bağlamalarının çatdırılması ilə məhdudlaşmır. Bu, regionun iqtisadi
və sosial inteqrasiyasına böyük töhfə verən çoxşaxəli bir fəaliyyət
planıdır:
Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda poçt şöbəsi 2020-ci,
Xankəndi poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni
zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq
Mərcanlıda 2020-ci ildə poçt şöbəsi yaradılıb, 2022-ci ildə
Zəngilan rayonunun Ağalı kəndində, 2025-ci ildə isə Şuşa şəhərində
poçt xidmətlərinin təşkili təmin olunub. Bundanan başqa Füzuli
rayonunda da Postcargo vasitəsilə beynəlxalq poçt çatdırılmaları
həyata keçirilir.
2024‑cü ilin 6 noyabr tarixində Postcargo şirkəti — Azərpoçt MMC‑yə məxsus — Qarabağ iqtisadi rayonuna beynəlxalq poçt bağlamalarının çatdırılmasına başlayıb. İlk növbədə çatdırılmalar Xankəndi və Füzuli şəhərlərinə aparılıb, daha sonra digər şəhər və kəndlərə genişləndirmə planlaşdırılıb. Bu addım Qarabağ sakinləri üçün onlayn alış-veriş və beynəlxalq əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu yaxınlarda “Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə
başlayıb.
Azərpoçt Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət dairəsini daha da genişləndirməyi planlaşdırır. Bu şöbələrdə məktub və bağlama qəbulu, göndərişi, kommunal ödənişlər, bank xidmətləri və digər müasir poçt xidmətləri göstərilir. Azərpoçt öz xidmətlərini təkcə ənənəvi poçt xidmətləri ilə məhdudlaşdırmır. Qarabağda açılan poçt şöbələri müasir texnologiyalarla təchiz edilib. Burada elektron hökumət xidmətləri, nağdsız ödənişlər, maliyyə və bank xidmətləri (Azərpoçtun maliyyə tərəfdaşlığı çərçivəsində), kuryer və ekspress xidmətlər təqdim olunur. Azərpoçtun Qarabağda fəaliyyətə başlaması regionun yenidən dirçəlişi və əhalinin məskunlaşdırılması prosesində vacib rol oynayır. Xidmətlərin əlçatan olması yerli sahibkarların fəaliyyətini asanlaşdırır, dövlət-vətəndaş münasibətlərini gücləndirir, rəqəmsal və fiziki infrastrukturun sinxron inkişafına təkan verir. Azərpoçtun Qarabağda fəaliyyətə başlaması, təkcə bir poçt xidməti qurumunun genişlənməsi deyil, həm də Azərbaycanın bu bölgələrə qayıdışının simvoludur. Bu xidmətlərin bölgədə yaşayan və ya ora köçən əhali üçün əlçatan olması, regionun sosial-iqtisadi həyatına canlılıq gətirir və Qarabağın yenidən Azərbaycanın güclü bir hissəsinə çevrilməsinə xidmət edir.
Poçtla bağlı ən son sevindirici xəbər isə Azərbaycan Ümumdünya
Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində təşkilatın iki
əsas qərarverici orqanı – Administrativ Şura və Poçt Əməliyyatları
Şurasına üzv seçilməsidir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay
şəhərində keçirilən və ÜPİ-nin ali orqanı sayılan bu Konqresdə
Azərbaycan tarixdə ilk dəfə eyni anda hər iki ali orqana üzvlük
hüququ qazanıb.
Bu mühüm hadisə Azərbaycanın beynəlxalq poçt sistemində artan
nüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararası
əməkdaşlıqların nəticəsidir.
Yazı “Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi
“Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası”
mövzusunda müsabiqəyə təqdim olunur”.