...

MQİBİ-nin sabiq işçiləri dustaqları qeyri-qanuni yolla azadlığa buraxmaq üçün 103 milyon 323 min manat rüşvət alıb

Cəmiyyət Materials 7 Fevral 2006 17:07 (UTC +04:00)

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin sabiq işçiləri dustaqları vaxtından əvvəl və qeyri-qanuni yolla azadlığa buraxmaq üçün onlardan ümumilikdə 103 milyon 323 min manat məbləğində rüşvət alıb. Trend məlumat verir ki, bu fakt hazırda məhkəmə qarşısında dayanan həmin sabiqlərin cinayət işi üzrə ibtidai istintaq zamanı sübuta yetirilib.

Fevralın 7-də isə təqsirləndirilən şəxslər Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə başlanan məhkəmə iclasında ifadə verib. Müttəhimlər onlara qarşı irəli sürülmüş ittihamları qismən qəbul edib.

Məhkəmə iclasında 9 təqsirləndirilən şəxsdən 7 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Salman Nəcəfov, Müalicə Müəssisəsinin sabiq rəisi Nizami Nağıyev, MQİBİ işçiləri Vəli Vəliyev, Səlahəddin Şirinov və Elşad Quliyev ifadə verib.

Təqsirləndirilən şəxslərdən bir qismi rüşvət aldıqlarını etiraf etməsə də, digər qismi bu faktı təsdiqləyib. Məhkəmənin nəzərinə çatdırıblar ki, dustaqlardan və onların yaxınlarından alınan pul vəsaitlərini cəzaçəkmə müəssisəsinin bir sıra məişət və təmir işlərinə sərf ediblər.

Sabiq müəssisə işçilərinin ifadələrindən o da bəlli olub ki, dustaqların yaxın qohumları müəssisə rəhbərliyini təkcə pulla yox, müxtəlif təmir tikinti materialları ilə da təmin edib. Həmni tikinti materialları isə müəssisənin təmir işlərinə sərf olunub.

Xəbər lenti

Xəbər lenti