Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə tarixi abidələrin monitorinqi üzrə Avropa Şurası missiyasının tərkibinə yerli ekspertlərin də daxil edilməsini zəruri hesab edir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən Trend ə verilən məlumata görə, bu təkliflə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Strasburqda AŞ-nin mənzil-qərargahında keçirilən görüşdə çıxış edib.
AŞ Mədəniyyət Komitəsi rəhbərliyinin dəvəti ilə həyata keçirilən görüş çərçivəsində Ə.Qarayev AŞ-nin təhsil, mədəniyyət, irs, gənclər və idman üzrə IV baş direktorluğunun müdiri xanım Qabriella Battaini-Draqonini ilə danışıqlar aparıb. Görüş zamanı nazir Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrin vəziyyətinin öyrənilməsi üzrə monitorinq missiyasının yaradılması və bu missiyanın nəticələrinə dair hesabat tərtib olunması ilə bağlı məsələ qaldırıb.
Səfər çərçivəsində nazir AŞ-nin müxtəlif komitələrində görüşlər keçirib. Ə.Qarayev Strasburqdan ABŞ-a yola düşüb. O, prezident İlham Əliyevi bu ölkəyə rəsmi səfəri zamanı müşayiət edəcək.