Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının veteranları Yelena Şabovta və İnessa Qorxmaz bu mövsümün məsuliyyətli yarışlarında iştirak edəcək.
Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, komandanın baş məşqçisi Faiq Qarayev bu məsələ ilə bağlı voleybolçularla prinsipial razılıq əldə edib. 2005-ci ildə Zaqrebdə keçirilmiş Avropa çempionatından sonra məşqçi onların xidmətindən imtina edərək üstünlüyü gənc idmançılara verməsinə baxmayaraq təcrübə göstərib ki, Qran-Pri və planet birinciliyi kimi yarışlarda təcrübəli oyunçularsız keçinmək mümkün deyil. Özü də Yaponiyada keçiriləcək dünya birinciliyində yığmamızın qrup üzrə rəqibləri Rusiya, Çin, Almaniya, Dominikan Respublikası və Meksika voleybolçuları olacaq.
Qeyd etmək lazımdır ki, Y.Şabovta artıq beloruslara qarşı bir neçə yoxlama görüşündə iştirak edib və özu barədə xoş təəssürat yaradıb.