...

Təhsil Nazirliyində xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Cəmiyyət Materials 11 Avqust 2006 13:47 (UTC +04:00)

Avqustun 11-də Azərbaycan Təhsil Nazirliyində xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Trend in məlumatına görə, Təhsil Nazirliyi və Xarici Ölklərdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin birgə təşəbüsü ilə keçirilən toplantıda müxtəlif ölkələrdə təhsil almış və alan çoxsaylı tələbələr, dövlət nümayəndələri iştirak ediblər.

Tələbələrlə görüşdə Xarici Ölklərdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Fəttah Heydərov iştirak ediblər.

Təhsil naziri Misir Mərdanov çıxışında azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması tarixindən danışıb, ilk dəfə 1918-ci ildə Xalq Cümhuriyyətinin 100-dək tələbənin xaricdə təhsil almağa göndərilməsinə qərar verdiyini diqqətə çatdırıb. Nazir 2 ildən sonra Xalq Cümhuriyyətinin devrilməsi ilə əlaqədar bu prosesin dayandığını, sonrakı Sovet İttifaqı illərində isə xaricə göndərilənlərin əksəriyyətinin qeyri millətlərdən olduğunu deyib. Nazirin sözlərinə görə, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra 1970-ci illərdən başlayaraq azərbaycanlı gənclərin SSRİ daxilində müxtəlif xarici təhsil müəssisələrində daha geniş miqyasda təhsil almasına başlanılıb. Həmçinin Azərbaycanın müstəqillik dövründə də ümumilli liderin qayğısı nəticəsində hər il dövlət xətti ilə xaricə təhsil almağa tələbələr göndərilib, Heydər Əliyevin hər il onlarla Bakıda ənənəvi olaraq görüşləri keçirilib.

Nazir qeyd edib ki, ən çox azərbaycanlı tələbənin təhsil aldığı ölkə Türkiyə, sonra Rusiyadır. Həmçinin ABŞ, Fransa, İngiltərə, Misir, Çin, Yaponiya və başqa ölkələrdə də çoxsaylı tələbələrimiz ali təhsil alırlar. M.Mərdanov Azərbaycanda təhsilin uğurlarından, tələbə və şagirdlərin beynəlxalq səviyyədə son nailiyyətlərindən də danışıb.

Sonra ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Fariz İsmayılzadə, Azərbaycan-Britaniya Məzunlar Assosiasiyasının rəhbəri Məmməd Quluzadə, Pekin Diplomatiya Akademiyasının doktorantı Samir Əsədov, Mirsirdə təhsil alan tələbə Zeynal Zeynalov və digər ölkələrin nüfuzlu ali məktəblərinin məzun və tələbələri çıxış edərək bu dövlətlərdəki təhsil sistemindən, tələbələrimizin fəaliyyəti və uğurlarından danışıblar.

Xəbər lenti

Xəbər lenti