Gələn il güləş üzrə dünya çempionatının keçiriləcəyi Azərbaycan haqqında təqdimat çarxı Beynəlxalq Federasiyanın (FİLA) Quançjouda keçirilmiş Konqresində təqdim olunub.
Trend in xəbər verdiyi kimi, çarxı yüksək məmurlara bu günlərdə Çində səfərdə olan gənclər və idman naziri Azad Rəhimov təqdim edib. Çarxda respublikanın tarixi, pəhləvanların beynəlxalq arenada qazandığı uğurlar, mundialın keçiriləcəyi kompleks və bir çox digər aspektlər öz əksini tapıb.
Qeyd etmək lazımdır ki, FILA-nın konqresi sentyabrın 22-də Çində başlayacaq dünya çempionatı ərəfəsində keçirilib. Yarışa birinci klassik güləşçilər başlayacaq. Onlar arasında atletlərimiz Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Elbrus Məmmədov (66 kq) və İlqar Abdulov (74 kq) da medal uğrunda mübarizəyə qoşulacaq.