...

Təhsil naziri: Təəssüf ki, məktəbəqədər təhsilin təkmilləşdirilməsi üzrə 5 illik inkişaf proqram hələ də təsdiqlənməyib

Cəmiyyət Materials 25 Yanvar 2007 13:34 (UTC +04:00)

Təəssüf edirəm ki, məktəbəqədər təhsilin təkmilləşdirilməsi üzrə hazırlanmış 5 illik inkişaf proqram hələ də təsdiqlənməyib. Trend in xəbərinə görə, bu sözləri yanvarın 25-də Azərbaycanın Təhsil Nazirliyində keçirilmiş 2006-cı ilin yekunlarına dair kollegiya iclasında təhsil naziri Misir Mərdanov söyləyib.

Təhsil naziri bildirib ki, məktəbəqədər təhsil sahəsi əvvəlki illərdə olduğu kimi 2006-cı ildə də ən çox problemi olan və ən az iş görülən sahədir. Lakin bununla belə, Prezidentin tapşırığı ilə 20 ildə ilk dəfə olaraq Bakının qəsəbələrində yerləşən 11 yeni uşaq bağçasının inşasına, 14-nün isə əsaslı təmirinə başlanılıb.

"Prezidentin tapşırığı ilə məktəbəqədər təhsilin təkmilləşdirilməsi üzrə 5 illik inkişaf proqramı hazırlamışıq. Təəssüflə qeyd etməliyəm ki, bu proqram artıq bir ildən artıqdır müxtəlif səviyyələrdə müzakirə olunmaqdadır və bu günə qədər də təsdiq olunmayıb. Ümid edirəm ki, 2007-ci ildə proqram təsdiqlənəcək" - deyə nazir bildirib.

M.Mərdanov həmçinin vurğulayıb ki, 240 uşaq bağçası özəlləşdirilməyə çıxarılıb, bu, ümumi uşaq bağçalarının 40 faizini təşkil edir. Təkcə Bakı şəhərində belə bağçaların sayı 113-dür. Nazir ümidvar olduğunu bildirib ki, Prezidentin sərəncamı ilə özəlləşdirilməyə çıxarılan bağçalarla dövlət bağçaları arasındakı müsbət rəqabət bu sahənin inkişafına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti