...

Moskvada Heydər Əliyevin doğum günü qeyd olunub

Cəmiyyət Materials 11 May 2007 14:09 (UTC +04:00)
Moskvada Heydər Əliyevin doğum günü qeyd olunub

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü qeyd olunub. Heydər Əliyevin anadan olmasının 84 illiyinə həsr olunmuş tədbir Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycan Gənclərinin Koordinasiya Şurası tərəfindən təşkil edilib.

MDBMİ-nin birinci prorektoru İqor Tyulin xüsusi olaraq qeyd edib ki, Heydər Əliyevin doğum gününün MDBMİ-də qeyd olunması təsadüfi deyil. Onun sözlərinə görə, bu, simvolik məna daşıyır. Çünki məhz Heydər Əliyevin SSRİ Nazirlər Kabineti sədrinin müavini vəzifəsində işlədiyi dövrdə göstərdiyi diqqət və daimi qayğı sayəsində bu gün MDBMİ ali təhsil ocağı kimi fəaliyyət göstərir. Tyulin qeyd edib ki, MDBMİ Heydər Əliyevin sağlığında ona institutun fəxri doktoru adını verməsi faktı ilə qürur duyur.

"Biz həmçinin fəxr edirik ki, Azərbaycan prezidenti İlham Əliyev burada oxuyub və dərs deyib. İndi isə onun qızı, Heydər Əliyevin nəvəsi Leyla Əliyeva xüsusi magistr proqramı əsasında MDBMİ-də təhsil alır. Onu da deməliyəm ki, bu gün həmçinin 50-dək azərbaycanlı tələbə burada təhsil alır. Onlar üçün MDBMİ artıq doğma ev olub" - deyə Tyulin bildirib.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və video-xronika nümayiş etdirilib.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva ümummilli liderin həyat və fəaliyyəti barədə danışıb, bioqrafiyasının ağır və şərəfli anlarından bəhs edib. Leyla Əliyeva xüsusi olaraq qeyd edib ki, tale Heydər Əliyevin üzərinə ümummilli miqyaslı xüsusi missiya qoymuşdu. Onun sözlərinə görə, Heydər Əliyevin istefasından sonra erməni separatçıları Dağlıq Qarabağla bağlı məsələ qaldırıblar. Leyla Əliyeva qeyd edib ki, 1990-cı ilin 20 yanvar hadisələrində Heydər Əliyev Azərbaycanda ola bilməsə də, buna qəti etirazını bildirib və həmişə Azərbaycan xalqı ilə birlikdə olub.

"Heydər Əliyev ağır günlərdə Azərbaycana döndü və əsas missiyanı - ölkə müstəqilliyinin bərpası və möhkəmləndirilməsini həyata keçirməyə başladı. Ölkə üçün Heydər Əliyev əsas işi gördü. O, qan tökülməsinin qarşısını aldı, Konstitusiya yaratdı və neft strategiyasının əsasını qoydu. Bununla da Heydər Əliyev möhkəm, inkişaf etmiş ölkənin-demokratik Azərbaycanın əsasını müəyyənləşdirdi" - deyə Leyla Əliyeva qeyd edib.

Leyla Əliyeva həmçinin Heydər Əliyev Fondunun fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, yaranmasından üç il keçən müddət ərzində fondun fəaliyyəti əhalinin geniş təbəqələri arasında dəstək tapıb. "Moskvada təsis edilən Heydər Əliyev Fondunun nümayəndəliyi xalqlarımız arasındakı dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək" - deyə Leyla Əliyeva vurğulayıb.

Daha sonra Heydər Əliyev Fondunun fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.

Beynəlxalq Aviasiya Komitəsinin sədri Tatyana Anodina, "Qeydar Aliyev - ziqzaqi sudbı" adlı kitabın müəllifi, yazıçı Nikolay Zinkoviç, Rusiyanın YUNESKO işləri üzrə komissiyasının sədri, senator Aleksandr Dzasoxov və digərləri Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər. Dzasoxov qeyd edib ki, Heydər Əliyev şəxsiyyətinin miqyası yalnız Mustafa Kamal Atatürk və Şarl de Qolla müqayisə oluna bilər. İosif Kobzon isə əlavə edib: "Heydər Əliyevi heç kimlə müqayisə etmək olmaz - Heydər Əliyev təkdir".

Dövlət Dumasının mədəniyyət komitəsinin sədri, SSRİ xalq artisti Kobzon təkrarən qeyd edib ki, Tanrı Heydər Əliyev kimi dahi şəxsiyyəti Azərbaycan xalqına bəxş etdiyi üçün o, paxılıq hissi keçirir. Onun sözlərinə görə, Heydər Əliyevin mədəniyyətə müqayisə olunmaz diqqəti, mədəniyyət tarixinə bələd olması, habelə bu sahədə çalışanlara daimi qayğı göstərməsi bir çox dövlət liderləri üçün yaxşı nümunə olmalıdır.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu isə öz çıxışında qeyd edib ki, Heydər Əliyevlə hələ 1962-ci ildə tanış olub və keçən müddət ərzində məhz Heydər Əliyev kimi şəxsin ölkə rəhbərliyində yer alması hesabına mədəniyyət ağır senzuralı vaxtlarda inkişaf edib: "Çünki bu sahə həmişə Heydər Əliyevin diqqət və qayığısı altında olub".

Səfirin sözlərinə görə, məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Müslim Maqomayev, Zeynəb Xanlarova kimi adlar üzə çıxıb və sonra onlar Azərbaycanı dünyada tanıtdırıblar. Diplomat qeyd edib ki, Heydər Əliyev bugünkü Azərbaycanın, eyni zamanda müstəqil Azərbaycanla müstəqil Rusiya arasındakı əlaqələrin memarı olub. "Bu gün öz kursuna sadiq qalan Azərbaycan Rusiyanın strateji tərəfdaşına çevrilib. Azərbaycan Rusiya ilə birlikdə beynəlxalq arenada öz haqqını müdafiə edir" - deyə o vurğulayıb.

Xatirə gecəsində Azərbaycanın əməkdar mədəniyyət xadimi Murad Adıgözəlzadə və beynəlxalq müsabiqələrin diplomantı Elçin Əzizov çıxış ediblər. Kobzon da bir neçə mahnı ifa edib.

Həmçinin MDBMİ-nin foyesində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-sərgi təşkil edilib. Gələnlərə "Heydər Əliyev" silsiləsindən Q.Mirələmov və V.Andrianovun kitabları paylanılıb.

Xatirə gecəsində Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti