Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın bədii gimnastika üzrə yığmasının məşqçi korpusu Bakıda keçiriləcək Avropa birinciliyi üçün heyəti müəyyənləşdirərkən təcrübə amilinə üstünlük verib.
Komandanın məşqçisi Valentina Ukleina bildirib ki, Aliya Qarayeva, Anna Qurbanova və Dinara Gimatova beynəlxalq arenada birinci il çıxış etmirlər və arbitrlər onların potensialı ilə yaxşı tanışdırlar. Ukleina hesab edir ki, dəfələrlə Dünya kuboklarının və Qran-Pri mərhələlərinin mükafatçısı olan Aliya indi ən yaxşı formadadır.
"Şübhəsiz ki, Aliya bir çox şeyə qadir olan güclü gimnastdır. Eyni şeyi ölkə çempionu Gimatova haqqında da demək olar. Mütəxəssislərin fikrincə, o, ən yüksək yerlərə iddia edə bilər" - deyə Ukleina qeyd edib.