Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə qəbul olunan Amnistiya aktı indiyədək 2660 məhkuma şamil olunub. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov cümə günü Trend ə eksklüziv müsahibəsində bildirib ki, Amnistiya aktı şamil olunan məhkumlar cəzaçəkmə müəssisələrində və xüsusi müəssisələrdə cəza çəkənlərdir. Azadlığa buraxılmış məhkumların 850-si azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan və xüsusi müəssisələrdə cəza çəkənlərdir: "Onlar da cəzasının sonuna bir il qalanlardır. Digər məhkumlar isə qapalı müəssisələrdən, Qobustan həbsxanasından, Müalicə Müəssisəsindən, məntəqə tipli müəssisələrdən və tərbiyə müəssisəsindən buraxılanlardır. Amnistiya aktı ilə azadlığa buraxılanlardan 2-si yetkinlik yaşına çatmayan, 12-si qadın, 8-i əcnəbi vətəndaşlardır. Daha 4 nəfər əcnəbiyə də Amnistiya şamil olunacaq. Hazırda Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti ilə danışıqlar aparılır. Həmin məhkumlar azad olunandan sonra öz ölkələrinə göndərilmək üçün Miqrasiya Xidmətinə təhvil veriləcək".
İndiyədək Amnistiya aktı şamil olunan məhkumların 90 faizə yaxının azadlığa buraxıldığını deyən Xidmət rəisi digər məhkumlarla bağlı icra orqanlarına sorğular verildiyini və cavablar gələndən sonra həmin məhkumların da azad olunacağını diqqətə çatdırıb. Qanunun icrası üçün 3 ay vaxt ayrıldığını xatırladan Ələkbərov Amnistiya aktının daha qısa müddətdə yekunlaşacağını bildirib. Nazir müavininin sözlərinə görə, Amnistiyanın təsirinə düşəcək məhkumların dəqiq sayı sorğular cavablandırılandan sonra bəlli olacaq.
Sonuncu "Amnistiya haqqında" qanun 1995-ci ildən bəri verilən 8-ci Amnistiya aktıdır. Bundan əvvəl amnistiya 2003-cü ilin mayında faşizm üzərində qələbənin 48-ci ildönümü münasibətilə imzalanmışdı.
14 min nəfərə şamil edilmiş həmin sənədə əsasən, 3400 məhkum azadlığa buraxılmış, 2200 məhkumun cəzası yüngülləşdirilmiş, azadlıqdan məhrum edilmə ilə bağlı olmayan 5400 adam cəzadan azad edilmiş, 2 min adama münasibətdə cinayət təqibinə xitam verilmişdi.
İndiyə qədər verilmiş 7 Amnistiya aktı 78 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.