...

Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların işinə yenidən baxılacaq

Cəmiyyət Materials 10 İyul 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Millət vəkilləri Əli Hüseynov və Rövşən Rzayev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vəzifəli şəxslərinin müşayiəti ilə bu gün Qobustan qapalı həbsxanasında olublar. Qobustan həbsxanasının rəisi Əlizadə Hüseynov Trend ə bildirib ki, deputatlar bir müddət öncə aclıq edən məhkumlarla görüşüb, 15-ə yaxın məhkumla təkbətək söhbət aparıblar. Onlar arasında Dəyanət Kərimov, Şakir Rzaxanov, Əli Quliyev, Elçin Əmiraslanov da olub.

Həbsxanada olan rəsmilər məhkumların problemi ilə maraqlanıblar. Ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmiş məhkumlar cəzalarının 15 illə əvəzlənməsini, işlərinə yenidən baxılmasını tələb ediblər. Millət vəkili Hüseynov məhkumlara barələrindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayətinin verilməsini tövsiyə edib. Millət vəkili bildirib ki, Ali Məhkəməyə müraciət etsələr, onların işinə fərdi qaydada baxılacaq.

Qeyd edək ki, bir qrup məhkum millət vəkili Əli Hüseynova müraciət edərək onunla görüşmələrini xahiş etmişdilər.

İyunun 18-də Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 38 məhkum cəzalarının 15 illə əvəzlənməsi tələbi ilə aclığa başlamışdı. Penitensiar Xidmətdən isə həbsxanada iyunun 20-dən 38 məhkumun aclığa başladığı və onlardan birinin aclığı dayandırdığı bildirilib.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 87 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin bəzi şikayətlərlə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. O, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti