...

Nazim İbrahimov: "Azərbaycan diasporu xristian institutları ilə sıx işləməlidir"

Cəmiyyət Materials 12 İyul 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan diasporu ermənipərəst xristian institutları ilə sıx işləməli, onlarla əməkdaşlıq qurmalıdır. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov cümə axşamı keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, dünyadakı erməni lobbisinin nailiyyətləri heç də tam olaraq onların öz gücü ilə bağlı deyil. İbrahimovun fikrincə, dünyadakı böyük gücə malik xristian institutları ermənilərə yardım edir. Erməni amilindən bəzən Türkiyəyə qarşı vasitə kimi də istifadə olunur.

"Bizim fəaliyyətimizdəki çatışmazlıq xristian institutları ilə işləməməyimizdir. Diasporumuz Azərbaycan həqiqətlərini onlara çatdırmalıdır. Erməni kilsəsinin xristian institutları ilə bir yerdə olmasının nəticəsində bunun ağrı-acını Azərbaycan və Türkiyə çəkir" - deyə İbrahimov qeyd edib.

O əlavə edib ki, dünyada yaşayan miliyyətcə azərbaycanlı şəxslərlə işləmək lazımdır. Komitə sədrinin sözlərinə görə, ABŞ-da milliyyətcə azərbaycanlı olan bir qrup İranlı yaşayır və onlar heç də özlərini azərbaycanlı kimi təqdim etmirlər: "Onlar özlərinə "iranlı" deyirlər və İranda mövcud olmuş şah rejiminin tərəfdarlarıdır. Amma ABŞ-da yaşayan İran yəhudiləri Azərbaycan diasporuna yardım etməyə hazır olduqlarını bəyan edirlər. Kaliforniya ştatında yaşayan və əslən İran yəhudisi olan İshaq Nazaryan çox böyük nüfuza malik şəxsdir və Azərbaycan haqda yüksək fikirdədir. Hər zaman fikirləşirdik ki, Kaliforniyadakı güclü erməni lobbisinin qarşısına kimləri çıxaraq. Artıq bunun açarını tapmışıq"-deyə Komitə sədri açıqlama verib.

Xəbər lenti

Xəbər lenti