Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Şuşadan məcburi köçkün düşmüş müəllimə təhsil nazirini məhkəməyə verəcək. Bunu cümə günü Yasamal rayon məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Təhsil Nazirliyinin məcburi köçkün Validə Bağırovaya qarşı iddiası üzrə keçirilən prosesdə cavabdeh bəyan edib.
Təhsil Nazirliyi 1994-cü ildən 20 saylı orta məktəbin ərazisindəki tennis kortunun geyinib-soyunma otağında məskunlaşmış və eyni zamanda həmin məktəbdə tarix müəlliməsi işləyən Validə Bağırovanın ailəsinin həmin ərazidən məcburi çıxarılması və 18 saylı bağçaya köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib.
Bağırova bildirib ki, həmin ərazi 1994-cü ildə ailəsinə məktəbin o vaxt direktoru olmuş Talıb Şərifov tərəfindən müvəqqəti istifadəyə verilib. Yasamal rayon İcra Hakimiyyəti onların məktəbin ərazisində yerləşdirilməsinə narazılıq edib. Bağırova bununla bağlı Milli Məclisə müraciət edəndən sonra qanunverici orqanın rəhbərliyi məcburi köçkün ailəsinin oradan köçürülməyəcəyi barədə məktəb direktoruna məktub göndərib.
Bu ilin yanvarında 20 saylı orta məktəbdə başlamış təmir və abadlaşdırmadan sonra Təhsil Nazirliyi məcburi köçkün ailəsinin yaşadığı tikilinin aparılan təmir və abadlaşdırma işlərinə mane olduğunu əsas gətirərək onların məktəbdən çıxarılması barədə qərar verib. Bağırova bildirib ki, xəstəxanada müalicə olunarkən bu barədə ona məlumat verilib və bu xəbərdən sonra o, şok keçirib, yıxılaraq ayağı sınıb. Nazirliyin bu qərarının onun səhhəti ilə bağlı ciddi problem yaratdığını iddia edən cavabdeh təhsil naziri Misir Mərdanovu ona vurduğu maddi və mənəvi zayana görə məhkəməyə verəcəyini deyib: "Nazir mənə vurduğu mənəvi və maddi ziyanı qəpiyinə qədər ödəyəcək".
Məcburi köçkün ailəsi onlara 18 saylı bağçada təklif olunan ərazidə yaşayış üçün heç bir şərait olmadığını əsas gətirərək ora köçməkdən imtina edir.
Təhsil Nazirliyinin nümayəndəsi Elmir Həsənovun sözlərinə görə, Bağırovanın məskunlaşdığı tikili qanunsuz tikilidir və bu tikili orta məktəbdə aparılan abadlaşdırmaya mane olur. Nazirlik rəsmisi bağçada onlara təklif olunan ərazidə təmir işlərinin aparılacağını və oranın yaşayış üçün yararlı vəziyyətə salınacağını vəd edib: "Bağırovanın həmin ərazidə məskunlaşması məktəbin 3000-dən artıq şagird və müəllim kollektivinin hüquqlarını pozur".
Cavabdehin nümayəndəsi Famil Məmmədov isə vurğulayıb ki, prezidentin 1996 və 1998-ci ildə imzaladığı fərmanlar, Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Dövlət Proqramı ilə məcburi köçkünlərin yaşadığı mənzillərdən çıxarılmasına icazə verilmir. Məcburi köçkün ailəsinin məskunlaşdığı tikilinin qanunsuz olması ilə bağlı fikrə aydınlıq gətirən nümayəndə qeyd edib ki, tennis kortu Azərbaycan SSRİ-nin İdman Komitəsinin sifarişi ilə tikilib və Tennis Federasiyasının balansında olub, sonradan isə 20 saylı orta məktəbin balansına verilib. Bu səbəbdən də bu tikili qanunsuz hesab edilə bilməz.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vüqar Qarayev 1992-1998-ci illərdə məskunlaşan məcburi köçkünlərin məskunlaşdığı yerlərdən yalnız onların razılığı ilə zəruri şərait yaradıldığı halda köçürülməsinə icazə verildiyini vurğulayıb: "Biz Bağırovlar ailəsinin qanun çərçivəsində həmin ərazidən köçürülməsinə razıyıq. Təhsil Nazirliyi onlara təklif olunan ərazidə lazımi təmir və abadlaşdırma aparmağı öhdəsinə götürməlidir".
Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi isə Bağırovanın ailəsinə təklif olunan otaqların hazırda məskunlaşdığı otaqlardan daha geniş olduğunu deyib və təmir olunacağı təqdirdə ailənin ora köçürülməsini mümkün sayıb.
Məhkəmə tərəflərin iştirakı ilə Bağırovanın ailəsinin məskunlaşdığı və onlara 18 saylı bağçada təklif olunan əraziyə baxış keçirib.