Azərbaycan, Bakı, 31 mart /Trend/
Bu gün yeniyetmə və gənclər arasında qayayadırmanma üzrə "Ümid-1" açıq idman yarışına start verilib.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnir Federasiyanın təşkilatçılığı ilə Nardaran qəsəbəsi yaxınlığında yerləşən qayalıqlarda keçirilir.
Məlumat üçün bildirək ki, bu idman növü 2010-cu ilin əvvəlində Kanadanın Vankuver şəhərində Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə Olimpiya idman növləri sırasına daxil edilib. 2012-ci ilin 31 mart-01 aprel tarixlərində keçirilən qayayadırmanma üzrə bu yarışda 20-si qız, 102-si oglan olmaqla, ümumilikdə 122 yeniyetmə və gənc öz qüvvəsini sınayır.
Yarışda "Ekosport", "Salavat", "AMEAST", "Qərb Universiteti", "Babadağ", "Şahdağ", "Geoloq", "Qaya qartalları" "Texniki Universitet", "Gənclik, "Climber" "Qusar", "Climb club", "Rockstone", "Kəmərqaya", "Tanrıdağ", "Gəncə", "İrəli", "Zirvə" klubları iştirak edir.
Yarışın keçirilməsində məqsəd ekstremal idman növləri, o cümlədən qayayadırmanmanı yeniyetmə və gənclər arasında populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançıların yetişdirilməsindən ibarətdir.