...

AFFA "Bakı" klubunu ağır cəzalandırdı

İdman Materials 22 Oktyabr 2012 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, komitə Premyer Liqanın sonuncu turu çərçivəsində keçirilən "Qarabağ" - "Bakı" matçından sonra baş vermiş hadisə barədə müvafiq qərar çıxarıb.

"20 oktyabr 2012-ci il Premyer Liqanın IX turunun "Qarabağ" - "Bakı" matçı başa çatdıqdan sonra hakimlər onlar üçün ayrılmış otağa yaxınlaşarkən dəhlizdə "Bakı" klubunun mühafizəçisi (Elvin Fətullayev) matçın baş hakiminə fiziki təsir göstərib (yumruqla zərbə endirib). Həmin şəxs polislər tərəfindən yaxalansa da, "Bakı" klubunun digər üzvlərinin köməyi nəticəsində hadisə yerindən uzaqlaşıb. Bu hadisənin "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimovun gözləri önündə baş verməsinə baxmayaraq, həmin şəxslər öz tabeçiliyi altında olanları sakitləşdirmək əvəzinə hakimləri təhqir edib və onlara hədə-qorxu gəliblər", - komitənin qərarında deyilir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

1. "Bakı" klubunun mühafizəçisi Elvin Fətullayevin futbola aid hər hansı fəaliyyətinə qadağa qoyulur, klub 20 min manat cərimə olunur.

2. "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimov hakimləri təhqir etdiklərinə, onlara hədə qorxu gəldiklərinə və təhrikçi hərəkətlərinə görə hər bir şəxs 10 oyunluq cəzalanır, klub 16 min manat cərimə olunur. Adıçəkilən şəxslərin cəza müddətləri başa çatana kimi stadionlara girişi qadağan edilir.

3. Peşəkar Futbol Liqası baş vermiş hadisədə ilə əlaqədar hüquq mühafizə orqanlarına məlumat versin.

4. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsinin fəaliyyətinin qiymətləndirdikdən sonra İntizam Komitəsinə məlumat versin.

5. Analoji hadisənin baş verəcəyi təqdirdə "Bakı" klubuna qarşı aşağıdakı sanksiyalar tətbiq olunacaq:

- Oyunun azarkeşsiz və ya neytral meydanda keçirilməsi.
- Klubun aktivindən xalların silinməsi.
- Klubun yarışlardan kənarlaşdırılması.

Qeyd edək ki, baş vermiş hadisə bir neçə vidoekamera vasitəsilə qeydə alınıb və öz təsdiqini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti