Azərbaycan, Bakı, 6 noyabr /Trend/
AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədova bir oyunluq cəza təyin edib.
Trend-in məlumatına görə, buna Premyer Liqanın XI turunun "Qəbələ" - "Neftçi" matçının 89-cu dəqiqəsində Ramiz Məmmədovun texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılması səbəb olub.
İntizam Komitəsi bu səbəbdən "Qəbələ" klubunu min manat məbləğində cərimə edib.
"Turan" - "Simurq" matçında "Sumurq"un yeddi "Turan"ın isə dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub min manat cərimə olunub.
Oyunun 63-cü dəqiqəsində "Simurq"un futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
Matçın 80-ci dəqiqəsində "Simurq"un futbolçusu Qərib İbrahimov hakimi təhqir etdiyinə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu dörd oyunluq cəzalanıb, klub dörd min manat cərimələnib.
Oyunun 87-ci dəqiqəsində "Simurq"un başqa bir futbolçusu İlkin Qırtımov aqressiv hərəkətə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu dörd oyunluq cəzalanıb, klub dörd min manat cərimə olunub.