Azərbaycan, Bakı, 4 dekabr /Trend/
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda bir sıra qərarlar qəbul olunub.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK-nın qərarı ilə 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XV turunun "Neftçi" - "Qarabağ" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 30-cu dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən meydançaya pirotexniki vasitə atıldığı üçün klub 2000 manat cərimə edilib.
XXI Topaz Premyer Liqasının XV turunun "Qəbələ" - "Bakı" matçında "Bakı" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
"Xəzər Lənkəran" - AZAL matçının 34-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun futbolçusu Adrian Pitə simulyasiyaya görə sarı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Adrian Pitə göstərilən sarı vərəqə ləğv edilib