Azərbaycan, Bakı, 2 iyul /Trend/
"Bakı"nın yeni baş məşqçisinə böyük ümid bəsləyirəm, Trend-in məlumatına görə, bunu bu gün "Bakı" klubunun yeni baş məşqçisi Milinko Pantiçin təqdimat mərasimində klubun prezidenti Hafiz Məmmədov deyib.
Hafiz Məmmədovun sözlərinə görə, artıq bir müddətdir ki, yeni baş məşqçi Bakıdadır: "Pantiç haqda çox söz demək istəmirəm. Çünki onun haqda çoxlarınızın məlumatı var. Biz əvvəldən demişdik ki, klubda köklü dəyişikliklər olacaq. "Atletiko" (Madrid) ilə əməkdaşlığa
başlayanda bildirmişdilər ki, "Bakı" klubu üçün əllərindən gələni edəcəklər".
Klub prezidenti bildirib ki, bu gün Pantiçin "Bakı"da olmasında da "Atletiko"nun böyük rolu var: "Bu, bizi sevindirir. Mən Pantiçin iş prinsipi ilə tanış oldum. Çox peşəkar mütəxəssisdir. O həm də sadə insandır. Futblçularla yaxından maraqlanır. İnanıram ki, Pantiçlə "Bakı" klubu ciddi uğurlara imza atacaq. Onun karyerasına siz də bələdsiniz. Bəlkə də, "Barselona" kimi komandaya 4 qol vuran yeganə futbolçulardandır".
Hafiz Məmmədov Fransanın "Lans" klubu ilə əməkdaşlığa da toxunub: "Müəyyən hazırlıq işləri görülür. İntizam komitəsinin qərarını gözləyirik. Təxminən 90 faiz işlər görülüb. İyulun 5-də investitsiya proqramı olacaq. Yəqin ki, bu məsələ həllini tapacaq. Bizim gördüyümüz işlər dövlətimizin siyasətinin davamıdır. "Lans"ın hansı liqada çıxış etməyinə baxmayaraq, ən güclü klublardan biri olacaq. "Lans" klubunun inkişafı üçün tədbirlər görəcəyik. Klbun bir hissəsi Azərbaycana məxsus olacaq".