...

Çində uğurlu gün

İdman Materials 4 Noyabr 2014 16:05 (UTC +04:00)
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir.
Çində uğurlu gün

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir. 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün keçirilən 4-cü mərhələdə iştirakçılar 129.7 km məsafə qət ediblər. Velosipedçilərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb - o, finişi mərhələ qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 5-ci olub - 2 saat, 41 dəqiqə, 50 saniyə. Digər təmsilçilərimiz Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Elçin Əsədov, İsmayıl İlyasov və Ənvər Asanov da mərhələni ilk pelotonda başa vurublar.

4 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: S.Cəbrayılov 11-ci, A.Surutkoviç 14-cü, M.Averin isə 17-cidir.

Yürüşün 23 yaşadək velosipedçiləri arasında S.Cəbrayılov ilk üçlüyü tamamlayır - o, liderə cəmi 15 saniyə uduzur. İ.İlyasov 8-ci, Ə.Asanov isə 13-cü pillədə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçılar 129 km məsafə qət etməlidirlər.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti