...

Mariya Stadnikdən daha bir qızıl

İdman Materials 16 Fevral 2015 11:06 (UTC +04:00)
Azərbaycan güləşçisi Mariya Stadnik İsveçin Klippan şəhərində keçirilən qadın güləşi üzrə açıq beynəlxalq turnirdə qızıl medal qazanıb.
Mariya Stadnikdən daha bir qızıl

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan güləşçisi Mariya Stadnik İsveçin Klippan şəhərində keçirilən qadın güləşi üzrə açıq beynəlxalq turnirdə qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdə tam heyətlə iştirak edib. Güləşçilərimiz turniri 1 qızıl medalla başa vurub.

Turnirdə 48 kq-da mübarizə aparan Mariya Stadnik Norveç, İsveç, Yaponiya və Polşadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda onun rəqibi Yaponiyadan olan Kika Kaqata olub. Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanaraq turnirin qızıl medalına yiyələnib.

İrina Netreba (58 kq) Braziliyadan olan rəqibini üstələsə də, Çin təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı verib. Təsəlliverici görüşdə ABŞ idmançısını məğlub edən güləşçimiz həlledici görüşə çıxsa da, Bolqarıstanlı Taybe Yuseinə uduzub və turniri 5-ci sırada tamamlayıb.

60 kq çəki dərəcəsində təmsilçimiz Yuliya Ratkeviç İsveç və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda Finlandiyalı rəqibinə uduzub. Güləşçimiz bürünc medal uğrunda Belarus idmançısı Anastasiya Huçokla həlledici görüşdə uduzub və 5-ci yerdə qərarlaşıb.

69 kq-da mübarizə aparan Nadya Muşka (Sementsova) da yarımfinala qədər irəliləyib. Braziliya və Polşadan olan rəqiblərini üstələyən təmsilçimiz yarımfinalda Argentinalı rəqibinə məğlub olub. Nadya Muşka (Sementsova) bürünc medal uğrunda Ukrayna təmsilçisi Alla Çerkasovaya da uduzub və turniri 5-ci yerdə başa vurub.

Raqnetta Qurbanzadə (63 kq) isə, təsəlliverici görüşdə mübarizəni davam etdirmək şansı əldə edib, ancaq bu imkanı dəyərləndirə bilməyib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti