...

Azərbaycan çempionatı başa çatdı (FOTO/VİDEO)

İdman Materials 25 İyun 2016 17:13 (UTC +04:00)
İsmayıllıda şose velosipedinin Olimpiya növləri üzrə Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan çempionatı başa çatdı (FOTO/VİDEO)

Bakı. Trend:

İsmayıllıda şose velosipedinin Olimpiya növləri üzrə Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son yarış günü yaşı 23-dək olan və Elit kateqoriyasında təmsil olunan velosipedçilər mübarizə aparıblar.

Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin, o cümlədən kontinental velosiped komandamız "Synergy Baku"nun və milli komandalarımızın üzvü olan bütün velosipedçilər iştirak edib. 164 km-lik mübarizənin təxminən 40 km-dən sonra əsas mübarizənin də məhz "Synergy Baku"nun 4 üzvü - Elçin Əsədov, Samir Cəbrayılov, İsmayıl İlyasov və ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin arasında gedəcəyi məlum olub.

Ara-sıra hücumları nəzərə almasaq, təxminən 125-ci km-ə qədər bu dördlük lider qrupu olaraq qalan izləyicilərindən xeyli aralanıb. Amma məhz bundan sonra dağlıq ərazidən eniş zamanı Maksim Averin qəfildən irəli şığıyıb və digər 3 nəfərdən uzaqlaşmağı bacarıb. Beləcə, olimpiyaçımız finiş xəttinə qədər digər rəqibləri üçün əlçatmaz olub və 164 km məsafəni 4 saat, 21 dəqiqə, 5 saniyəyə qət edərək ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazanıb. Samir Cəbrayılov və Elçin Əsədov çempiona müvafiq olaraq 11 dəqiqə, 51 saniyə və 11 dəqiqə, 53 saniyə uduzmaqla 2-3-cü yeri tutublar.

M.Averin bildirib: "Hər şeydən öncə Azərbaycan çempionatı üçün belə maraqlı marşrut seçdiklərinə və yarışı yüksək səviyyədə təşkil etdiklərinə görə federasiya rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Həqiqətən də, marşrut elə idi ki, burada ən müxtəlif taktiki variantları sınaqdan keçirmək mümkün idi. Şadam ki, ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazanıram. İnanın ki, bu amil mənim üçün Rio Olimpiadası öncəsi olduqca böyük stimuldur.

Yarış öncəsi qarşınıza qoyduğunuz taktiki plan nədən ibarət idi" sualını isə Averin belə cavanlandırıb: "Əsas istəyim finişə bir xeyli qalmış hücuma keçmək və rəqiblərimdən aralanmaq idi. Amma bu alınmasa, qrupla finişə yaxınlaşmaq və sprint etmək kimi ehtiyat variantı da düşünmüşdüm. Şadam ki, məhz nəzərdə tutduğum planı həyata keçirə bildim".

Qeyd edək ki, qrup ötüşməsindən 2 gün öncə fərdi ötüşmə üzrə yarışlar da keçirilib və burada M.Averin 35 km məsafəni 48 dəqiqə, 50 saniyəyə başa vurmaqla 2-ci olub. Bu növdə Azərbaycan çempionu adını 47 dəqiqə, 43 saniyə göstərici ilə E.Əsədov bayram edib. S.Cəbrayılov isə sıralanmada 3-cü olub - 49 dəqiqə, 33 saniyə. Yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının idmançılar üçün müəyyənləşdirdiyi reytinq cədvəlində nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti