...

UEG texniki komitənin rəhbəri: Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təşkilatçıları böyük işlər görüb (FOTO)

İdman Materials 17 Fevral 2017 15:16 (UTC +04:00)
Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təşkilatçıları böyük işlər görüb
UEG texniki komitənin rəhbəri: Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təşkilatçıları böyük işlər görüb  (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend

Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təşkilatçıları böyük işlər görüb.

Bunu Trend-ə Avropa Gimnastika İttifaqının batut gimnastikası üzrə texniki komitənin rəhbəri Vladimir Zeman deyib.

O, hazırlığın yüksək səviyyədə olduğunu bildirib: “Zal və yarışlar üçün lazım olan hər şey yüksək səviyyədə hazırlanıb. İndi biz hazırlığın son mərhələsindəyik. Sabah yarışlar başlayır və biz hesab edirik ki, artıq hər şey hazırdır”.

Onun sözlərinə görə, yarışlar zamanı işıqlandırmanın sırf gimnastlara və idman alətlərinə yönləndirilməsi fikri kifayət qədər maraqlıdır: “Bu, çox maraqlı fikirdir, bir növ teatra oxşayır. Bizim idman növünə baxımlılıq çatışmır və bizə yeni üsullar lazımdır ki, tamaşaçılara maraqlı və yeni bir şeylər nümayiş etdirə bilək. Yarışlardan sonra biz idmançıların fikrini öyrənəcəyik, amma hələlik onlar bu yeniliyə etiraz etməyib”.

Batut gimnastikasında qayda dəyişikliklərindən danışan V.Zeman həmin addımın bu idman növünün inkişafı üçün atıldığını deyib: “Bu yeniliklər nəticələri daha obyektiv etməyə imkan verəcək. Üfüqi yerdəyişməni nəzərə alaraq, hakimlər idmançılara daha dəqiq xallar verə biləcək. Bakıda üfüqi yerdəyişmələr hakimlər tərəfindən qiymətləndiriləcək. Gələcəkdə isə bunun üçün xüsusi avadanlıq tətbiq olunacaq”.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti