...

Məşqçi: Boks komandamız yaxşı formadadır

İdman Materials 22 Avqust 2017 15:43 (UTC +04:00)
İnanıram ki, Hamburqda lazımı nəticəni əldə edəcəyik.
Məşqçi: Boks komandamız yaxşı formadadır

Bakı. Trend:

"Komandamız yaxşı formadadır. İnanıram ki, Hamburqda lazımi nəticəni əldə edəcəyik".

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bunu kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın dünya çempionatına hazırlığını dəyərləndirərkən deyib.

O bildirib ki, yığmamız avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində təşkil olunacaq mundiala tam hazırdır: “Dünya çempionatı üçün nəzərdə tutulan hazırlığı yüksək səviyyədə bitirdik. 3 mərhələdən ibarət təlim-məşq toplanışı keçdik”.

Komandamız bu gün yarışın keçiriləcəyi Almaniyaya yollanıb. Dünya çempionatında ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.

N.Abdullayevin sözlərinə görə, Avropa çempionatına qatılacaq hər bir boksçu uğur qazanmaq gücündədir: “Hamburqda rinqə çıxacaq boksçularımız kifayət qədər təcrübəlidirlər. Onlar bir sıra mötəbər turnirlərdə özlərini yaxşı tərəfdən göstəriblər. Heyətdə yer alan boksçularımızdan Kamran Şahsuvarlı, Lorenzo Sotomayor və Məhəmmədrəsul Məcidov olimpiya oyunlarının, Pərviz Bağırov dünya çempionatının mükafatçısıdır. Bu səbəbdən də onlara ümidlər böyükdür. Yarışın Azərbaycan üçün uğurlu alınacağına inanıram. Amma boksçularımızın medala gedən yolunda püşkatma da rol oynayacaq”.

Böyük məşqçi sayca XIX dəfə keçiriləcək dünya çempionatının digərlərindən fərqlənəcəyini vurğulayıb. O bildirib ki, mundial iştirakçıları bu dəfə lisenziya ilə bəlli olduğundan hər bir döyüş gərgin keçəcək: “Bizim mübarizə aparacağımız çəki dərəcələrində də kifayət qədər titullu boksçular rinqə çıxacaqlar. Onlar arasında Rusiya və İngiltərə təmsilçilərini fərqləndirərdim. Amma qalib olmaq üçün hər birindən üstün olmalıyıq”.

Qeyd edək ki, Hamburqda 10 çəki dərəcəsinin hərəsində 28 nəfər olmaqla, ümumilikdə 280 boksçu mübarizə aparacaq. Hər çəki dərəcəsində 1 idmançı ev sahibi Almaniyanı təmsil edəcəksə, daha 1 yerə AİBA “wild card” verib. Digər 26 iştirakçı isə qitə çempionatları nəticəsinə əsasən bəlli olub.

Mundialda ən çox boksçu ilə Avropa təmsil olunacaq. “Köhnə qitə”dən hər çəki dərəcəsində 8 idmançı gücünü yoxlayacaq. Hamburqa Asiya və Amerika qitələrinin hərəsi hər çəkidə 6, Afrika 4 və Okeaniya 2 idmançı ilə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti