Bakı. Maksim Tsurkov – Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 619,8 milyon dollar (2016-cü il oktyabrın 1-nə) ayırıb. Bu barədə Trend SOFAZ-a istinadən məlumat verir.
Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə uyğun olaraq, vəsaitlər Azərbaycan Beynəlxalq Bankı vasitəsilə "Marabda-Kartsaxi Dəmiryolu" MMC-yə köçürülüb. MMC Marabda-Türkiyə sərhədi dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması və istismarı məqsədilə yaradılıb.
Məlumata görə, 2016-ci ilin III rübü ərzində layihənin reallaşdırılmasına Fond tərəfindən 31,5 milyon dollar ayrılıb.
Qeyd edək ki, BTQ dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.