...

Ağdam soğanına ərəb ölkələrində tələbat artıb

İqtisadiyyat Materials 7 Noyabr 2017 19:32 (UTC +04:00)
Ağdam rayonunda becərilən soğan xarici bazarlara çıxarılır.
Ağdam soğanına ərəb ölkələrində tələbat artıb

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda becərilən soğan xarici bazarlara çıxarılır.

Bu barədə Trend-ə açıqlamasında Ağdam rayonundan olan sahibkar Nadir Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bir neçə ildir ki, soğan təsərrüfatı ilə məşğuldur: "İl ərzində 20-25 hektar soğan əkirik. Hər hektardan 40-60 ton arası məhsul əldə edirik. Məhsul əsasən daxili bazara hesablansa da, bəzi sahibkarlar xarici bazara da üstünlük verir. Məsələn, xaricə məhsul daşıyan xüsusi sahibkarlar var ki, onlar hər il yerli sahibkarlardan məhsulu alıb xaricə aparır. Əsasən məhsul Rusiya, Gürcüstan və ərəb ölkələrinə aparılır. Ərəb ölkələrinə daha çox məhsul göndərilir".

Sahibkar bildirib ki, soğan təsərrüfatının becərilməsində əsasən rayon sakinlərinin əməyindən istifadə olunur: "Başqa rayonlardan da işçi qüvvəsi gətirilir. Bu proses yığım vaxtı olur. Amma məhsulun becərilməsi, qulluqda əsasən rayondakı briqadaların əməyindən istifadə edirik. Ən çox da Ağdamın işğal ərazisindən olan məcburi köçkünlərin əməyindən istifadə olunur".

Ağdam rayon İcra Hakimiyyətindən isə Trend-ə bildiriblər ki, il ərzində rayon üzrə 45-50 min ton soğan yığılır. Məhsul əsasən daxili bazar üçün nəzərdə tutulsa da, xarici bazara da çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti