...

“Zaferoğlu İnşaat”ın direktoru: Şəhərsalmada islahatlara ehtiyac var

İqtisadiyyat Materials 24 Aprel 2018 10:45 (UTC +04:00)
“Zaferoğlu İnşaat”ın direktoru, konstruktor Firdovsi Baxışov "Şəhərsalmada islahatlara ehtiyac var" adlı araşdırma aparıb.
“Zaferoğlu İnşaat”ın direktoru: Şəhərsalmada islahatlara ehtiyac var

Bakı. Trend:

“Zaferoğlu İnşaat”ın direktoru, konstruktor Firdovsi Baxışov "Şəhərsalmada islahatlara ehtiyac var" adlı araşdırma aparıb.

Trend həmin araşdırmanı təqdim edir:

Şəhərsalmada ən böyük problem 2000-ci illərin əvvəllərinə kimi tikilən binalardadır. Təqribən 2006-cı ilə kimi kim harada, necə istəsə bina tikirdi. Nə şəhərin ümumi planı nəzərə alınırdı, nə də tikinti standarları. Binalararası məsafələr gözlənilmir, mənzillər hava çəkmir, gün işığı görmür və sair. Hələ digər keyfiyyət standartlarını demirəm.

Paytaxtdakı bütün “boş” ərazilərdə qısa zamanda yeni binaların ucaldıldığının şahidi olduq. Lakin həmin “boş” ərazilərin də hansısa öncədən tikilmiş binalarda yaşayan insanların istirahət yeri, uşaqların oyun meydançası olduğunu unutduq. Axı qanunlarımız tikinti üçün alınan ərazinin maksimum 40%-də tikniti etməyə icazə verir. Təəssüf ki, geridə qalan müddətdə bunun tam əksini müşahidə etdik. Yəni qısa zamanda Bakının bütün mənzərəsi korlandı. Düzdür, son dövlət problemlər mərhələli şəkildə aradan qaldırılır. Müəyyən işlər görülür. Artıq kim necə və harada gəldi hündürmərtəbəli binalar tikə bilmir. Amma yenə də məsələ tam olaraq öz həllini tapmayıb.

Hesab edirəm ki, şəhərsalmada müəyyən islahatlara ehtiyac var. Artıq keçmişdə buraxılan səhvlər təkrarlanmamalıdır. Bəlkə standartlara cavab verməyən, şəhərin mənzərəsini korlayan həmin binaların sökülüb, əvəzində yeni, müasir, insanların rahat yaşayışı üçün bütün infrastrukturun yaradılması ciddi büdcə xərcləri tələb edəcək. Lakin biz bunu etməliyik. Düzdü dövlət bu istiqamətdə ilk addımlarını artıq atıb. Əvvəlcə istismar müddətini başa vurmuş binaların söküntüsü ilə işə başlanıb. Ümid edirik ki, sökülən binaların yerində qeyd etdiyimiz bütün nüanslar nəzərə alınacaq. Növbəti mərhələdə isə standartlara cavab verməyən binaların yeniləri ilə əvəzlənməsi həm paytaxtın görünüşü, həm də sakinlərin rahatlığı baxımından əhəmiyyətli addım olardı. İndiki mərhələdə isə ən azından əvvəlki səhvlərin buraxılmamasına səy göstərmək lazımdır.

“AĞ ŞƏHƏR” nümunəsi

Hesab edirəm ki, “Ağ şəhər” layihəsi şəhərsalmanın bundan sonra izləyəcəyi xətt baxımdan nümunə ola bilər. Bu layihədə ümumi memarlıq üslubdan tutmuş binaların ara məsafələri, yaşıllıqlar, istirahət üçün parklar, məktəb, bağça, və digər infrastrukturlar nəzərə alınıb. Bu baxımdan da hesab edirəm ki, “Ağ şəhər” layihəsi nümunə olmalıdır.

Elə “Ağ şəhər” layihəsində olduğu kimi şəhərin fərqli yerlərində əhalinin sıxlığına uyğun olaraq binaların hündürlüyü də tənzimlənməlidir. Misal üçün şəhərin daha çox sıxlıq olan mərkəzə yaxın ərazilərndə 5-7 mərtəbədən artıq binanın tikintisi qadağan edilməlidir. Tikinti şirkətləri daha çox şəhərin kənarlarına yönəldilməli və daha geniş ərazidə bütün normalar gözlənilməklə yeni mikrorayonların salınmasına təşviq edilməlidirlər.

Elektron sistem yaradılsın

Təklif edirəm ki, bütün şəhər və rayon icra hakimiyyətləri, bələdiyyələr tikintiyə yararlı boş ərazilərini və tikinti aparılması qadağan olan yerlərin xəritəsini hazırlasın. Bu məlumatlar isə hər kəs üçün açıq vahid elektron mərkəzdə toplansın. Elektron sistemdə şəhər və rayonların tələblərinin də öz əksini tapması vacibdir. Bu tələblər isə yaşayış binaları ilə yanaşı, həmin ərazidə ehtiyac olan məktəb, bağça, xəstəxana, istirahət mərkəzləri və parklar ola bilər. Yəni icra hakimiyyəti tikinti şirkətindən ərazinin tamamilə binalardan ibarət olmasına qadağa qoyur. Əvəzində isə ehtiyac olan infrastrukturun yaradılmasını tələb edir. Tikinti şirkətləri də elektron sitemdə özlərinə uyğun ərzini seçir, tələblərlə tanış olur və şəhərsalma idarəsi ilə razılaşdırılmış layihəsinin icrasına başlayır.

Memarlar attestasiyadan keçirilsin

Bu gün memarların ümumi bir təşkilatının yaradılmasına da ehtiyac var. Bu qurum işini bilən mütəxəssislərə sertifikat verməli, digərlərini isə bu sektordan uzaqlaşdırmalıdır. Necə ki, bütün ölkə üzrə müəllimlərin atestasiyası keçirildi, eyni qayda ilə memarların da attestasiyasının həmin qurum tərəfindən keçirilməsini təklif edirəm. Bu bacarıqlı memarların üzə çıxmasına və şəhərsalmada öz tövhəsini verməsinə səbəb olacaq. Bacarığı olmayanların isə artıq yarıtmaz layihələrlə gələcək dövrlər üçün memarlıq problemləri yaratmasının qarşısı alınacaq.

Şəhərsalma standartları

Şəhərsalmada standartların müəyyənləşdirilməsinə ehtiyac var. Nəzərə alaq ki, hər bir memarın fərdi üslubu olur. Hərə də layihəni öz üslubunda işləyir. Bu üslub ümumi memarlığa uyğun gəlsə də, gəlməsə də. Fərdi üslublar şəhər memarlığına əlavə rəng qatmaqla yanaşı, bəzən ümumi dəst-xəttdən kənara çıxma halları müşahidə olunur. Elə təklif etdiyimiz standartlar bu halların qarşısını almağa xidmət edəcək. Bütün memarlar da həmin standartları öyrənmək üçün kurslara cəlb ediləcək və sertifikat alacaq. Bundan sonra şəhərsalmanın startdartlarına uyğun dəst-xəttdən kənar çıxma halları baş verməyəcək. Standartların tətbiqi layihələrə fərqli rəylərin verilməsinin də qarşısını alacaq və bütün müraciətlərə müəyyən olunmuş çərçivələrdə cavab veriləcək. Yəni təqdim etdiyimiz memarlıq layihəsinə qurumlardakı məsul şəxslərdən biri müsbət digəri mənfi rəy verməyəcək. Qrumlar da eyni standartları qəbul edəcək və həmin standartlar əsasında layihələr qiymətləndiriləcək.

Hesab edirəm ki, təkliflərim nəzərə alınacağı təqdirdə Bakı daha da gözəl görünüşə sahib olacaq və şəhər sakinlərinin rahatlığı təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti