Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial inkişaf proqramına uyğun olaraq, ölkəmizdə əliliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya imkanlarının artırılması tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində yeni reabilitasiya mərkəzlərinin yaradılması, bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
Eyni zamanda dövlət başçısının tapşırığına əsasən ölkədə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri davam etdirilir.
Hazırda Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Mərdəkan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işləri davam edir. Cari ilin ilk yarımili ərzində pansionatın istifadəyə verilməsi nəzərdə tutulur.
Bu il Sumqayıt, Yevlax və Naftalan şəhərlərindəki Əlillliyi olan şəxslərin Bərpa Mərkəzlərinin də əsaslı təmir və yenidənqurmadan sonra açılışı planlaşdırılır. Qeyd olunan müəssisələrdə əlilliyi olan şəxslər bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında səmərəli bərpa müalicə prosedurlarına cəlb olunacaqlar.
Yeni müəssisələrin istifadəyə verilməsi əliliyi olan şəxslərin bərpa müalicəsinə cəlb edilməsi işlərini daha da gücləndirəcək.
Eyni zamanda 2019-cu ildə Xidmətin Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında, Şəki, Lənkəran, Xaçmaz və Şirvan şəhərlərindəki Bərpa Mərkəzlərində də əsaslı təmir və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub.
Xatırladaq ki, ötən il Xidmətin bərpa müəssisələrində 11,9 min nəfərə reabilitasiya xidmətləri göstərilib. Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 9,3 min nəfər əlilliyi olan şəxs protez-ortopedik xidmətlərlə təmin edilib, onlara 35,3 min reabilitasiya vasitəsi verilib.