...

Nazirlik: Qeyri-rəsmi məşğulluq işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir

İqtisadiyyat Materials 23 İyul 2019 17:20 (UTC +04:00)
Əmək müqaviləsi işçi və işəgötürən arasında əmək münasibətlərinin hüquqi müstəvidə qurulmasına və qanuni mənafelərinin təmin olunmasına əsas yaradan sənəddir.
Nazirlik: Qeyri-rəsmi məşğulluq işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir

Bakı. Trend:

Əmək müqaviləsi işçi və işəgötürən arasında əmək münasibətlərinin hüquqi müstəvidə qurulmasına və qanuni mənafelərinin təmin olunmasına əsas yaradan sənəddir. Əmək münasibətləri əmək müqaviləsi olmadan yarandıqda isə qeyr-rəsmi xarakter daşıyır və hər iki tərəfi qanunvericilikdə nəzərdə tutulan hüquqlardan, xüsusilə də işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir.

Trend-in məlumatına görə, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İmişli rayonunda işəgötürənlər üçün təşkil etdiyi maarifləndirmə tədbirində vurğulanıb. Tədbir “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” və “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzularında olub.

Tədbir zamanı qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə ətraflı məlumat verilib, işəgötürənlərin qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında səylərinin artırılmasının vacibliyi diqqətə çatdırılıb. Məzuniyyət və istirahət hüququ barədə də iştirakçılar ətraflı məlumatlandırılıb. Bildirilib ki, işçilərə hər ilin dekabr ayında növbəti iş ili üçün məzuniyyət qrafiki təsdiq edilir və bunun əsasında il ərzində işçilər əmək məzuniyyətinə buraxılırlar.

Əsas və əlavə məzuniyyətlər, onların müddətləri, sosial məzuniyyətlər barədə geniş məlumatlar verilib, suallar cavablandırılıb.Hər iki mövzu ilə əlaqədar maarifləndirici bukletlər paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti