...

Azərbaycan iqtisadiyyatı dünyada baş verən neqativ iqtisadi meyillər fonunda dayanıqlıq nümayış etdirir - Politoloq

İqtisadiyyat Materials 11 Mart 2020 09:50 (UTC +04:00)
Dünyada baş verən neqativ iqtisadi meyillər fonunda belə Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayış etdirir
Azərbaycan iqtisadiyyatı dünyada baş verən neqativ iqtisadi meyillər fonunda dayanıqlıq nümayış etdirir - Politoloq

Bakı. Elçin Mehdiyev - Trend:

Son günlər dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə OPEK + ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftn qiyməti kəskin şəkildə aşağı düşüb. Dünya maliyyə bazarında baş verən prosesləri rəsmi Bakı da diqqətlə izləyir.

Bunu Trend-ə politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, ötən gün Nazirlər Kabinetində neft bazarındakı vəziyyət, onun Azərbaycana təsirləri və qabaqlayıcı tədbirlər müzakirə olundu: “Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət, dünya bazarında xam neftin qiymətinin aşağı düşməsi və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Xüsusi qeyd etmək lazımdır ki, müşavirədə Azərbaycan hökumətinin dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək gözlənilməz iqtisadi tendensiyaların ölkə iqtisadiyyatında mənfi təsirlərinin neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər planının malik olduğu qeyd olunub.

Hökumətdə neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb. Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın tərkib hissəsidir. Buna görə də, gözlənilməz ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək. Əsas məqam ondan ibarətdir ki, dünyada baş verən neqativ iqtisadi meyillər fonunda belə Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayış etdirir, iqtisadiyyatimiz inkişaf edir, ölkənin mailyyə imkanları daha da genişlənir.

Bu gün ölkə iqtisadiyyatının 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlı olduğunu qeyd edə bilərik. Ötən dövr ərzində ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində bir sıra önəmli addımlar atılıb. Bu gün ölkə iqtisadiyyatı iqtisadi təlatümlərə hazırdır. Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dolları həcmindədir. Bu, ÜDM-in həcmini 8%-dən çox üstələyir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 17%-dir. Qeyd edək ki, bu, dünyada ən aşağı göstəricilərdən biri hesab olunur”.

Politoloq vurğulayıb ki, Azərbaycanda iqtisadi inkişafın dayanıqlığın təmin olunması beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır:

“Ötən illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam etdirilir. Belə ki, cari ilin yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8 artıb. İnflyasiya isə cəmi 2,8% təşkil etmişdir. Ölkəmizdə həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcəyini söyləmək olar.

Dünyanın neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur.

Ötən ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötüb, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyib. Qeyd etmək lazımdır ki, valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar vardır. Nazirlər Kabinetində müşavirədə xüsusi vurğulanıb ki, 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur.

Lakin bununla yanaşı, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görülməsi, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdirilməsi zəruridir. Milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini ehtiva edən çevik dövlət tənzimləməsinin tətbiqi də nəzərdən keçirilə bilər. Bu cür böhranlı vəziyyətlərdə büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılması çox önəmlidir.

Azərbaycan hökuməti qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə edə bilər. Azərbaycanda dünya bazarındakı qiymətlərdəki vəziyyəti yaxından izləyirlər.

Qeyd olunanlarla yanaşı, istehlak bazarına ciddi nəzarət edilməsinə diqqət artırılmalıdır. Vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlər görülməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti