...

Məzahir Əfəndiyev: İqtisadiyyatımızın şaxələndirilməsinin sürətləndirilməsi üçün yeni imkanlar var

İqtisadiyyat Materials 13 Mart 2020 21:05 (UTC +04:00)

Bakı. Trend:

Hər bir böhran yeni bir imkandır! 2014-2016-cı illərdə qlobal enerji bazarında neftin qiymətində müşahidə edilən kəskin volatillik Azərbaycan üçün böhran idarəetmə sahəsində geniş təcrübə və daha dayanıqlı əsaslara söykənən iqtisadi inkişaf modelinə keçidlə xarakterizə olundu. Prezident İlham Əliyevin 6-cı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur.

Hazırda yaranan vəziyyət isə ölkəmiz üçün iqtisadiyyatın şaxaləndirilməsinin sürətinin artırılması və bu prosesin inklüzivliyinin təmin edilməsi üçün yeni bir imkandır. Bu eyni zamanda Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul olunmuş “2030-cu ilədək davamlı inkişaf sahəsində Gündəlik”də öz əksini tapmış 17 Davamlı İnkişaf Məqsədindən 9-cusu “Sənaye, İnnovasiya və İnfrastruktur” Məqsədinin milli səviyyədə reallaşmasına daha yaxınlaşmaq imkanı deməkdir. 9-cu Məqsədin əsas çağırışları arasında möhkəm infrastruktur qurmaq, inklüziv və davamlı sənayeləşməni təşviq etmək, və innovasiyanı stimullaşdırmaq yer alır. Bu konteksdə, xüsusi vurğu rəqəmsal iqtisadiyyatın təşviqinə yönəlməlidir.

Əlavə olaraq, bu proseslərin inklüzivliyini təmin etmək dedikdə əsas vurğu əhalinin bütün təbəqələrindən və əhali qruplarından olan insanların habelə ucqar ərazilərdə yaşayanların yeni iqtisadi imkanlardan yararlanmasını təmin etmək nəzərdə tutulur. Bunun əsas vasitəsi isə təbii ki 4-cü Davamlı İnkişaf Məqsədi olan “Keyfiyyətli Təhsili” əlçatanlığını hər kəs üçün təmin etməkdir.

Beləliklə, hazırda mövcud olan maliyyə-iqtisadi qeyri-sabitliyə 4-cü və 9-cu DİM-lərin yaratdığı inkişaf prizmasından baxsaq iqtisadiyyatımızın şaxələndirilməsinin sürətləndirilməsi üçün yeni imkanları sezə bilərik.

Məzahir Əfəndiyev
Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü

Məqalədə:
Xəbər lenti

Xəbər lenti