...

Vüqar Bayramov: Dəstək proqramı çərçivəsində bir sıra sahibkarlar həm birbaşa yardım, həm də təşviq paketindən faydalanmaq imkanı əldə etdilər

İqtisadiyyat Materials 18 Aprel 2020 12:51 (UTC +04:00)
Vüqar Bayramov: Dəstək proqramı çərçivəsində bir sıra sahibkarlar həm birbaşa yardım, həm də təşviq paketindən faydalanmaq imkanı əldə etdilər

Bakı. İlhamə İsabalayeva – Trend:

Dəstək proqramı çərçivəsində bir sıra sahibkarlar həm birbaşa yardım, həm də təşviq paketindən faydalanmaq imkanı əldə etdilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda pandemiyanın iqtisadiyyata, sahibkarlara, eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması ilə bağlı reallaşan paketin dəyəri 1 milyard manatdan 3 milyard manatadək artırılıb. Praktik olaraq, paket 2,5 milyon nəfərdən artıq vətəndaşı əhatə edib.

Deputat əlavə edib ki, dəstək proqramı çərçivəsində bəzi vətəndaşlar dövlətdən birbaşa yardım almaq imkanına malik oldular.

V.Bayramov bu baxımdan icra olunan tədbirlər planının kompleks xarakter daşıdığını da xüsusi vurğulayıb. O hesab edir ki, bu tədbirlər pandemiya dövründə koronavirusun iqtisadiyyata, o cümlədən sahibkar və vətəndaşlara təsirlərinin minimumlaşdırılması məqsədi daşıyır. Digər tərəfdən, post-pandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsi, sahibkarların daha yaxşı dəstəklənməsi ilə bağlı da təşviqedici paket tətbiq olunur. Bu, əsasən, özünü vergi güzəştlərinin miqyasının genişləndirilməsi, sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması istiqamətində dövlət dəstəyi kimi göstərir:

“Nəzərə alaq ki, ölkə Prezidentinin tapşırığı ilə 4 işçi qrup yaradılıb. Bu işçi qruplar iqtisadiyyat, sosial, makroiqtisadi stabillik, eləcə də fiksal istiqamətlərdə qiymətləndirmələr apararaq təkliflər hazırladılar. İşçi qrupların fəaliyyəti, onlar tərəfindən hazırlanan paket və həmin təkliflərin strateji əhəmiyyət daşıması ondan xəbər verir ki, pandemiyanın təsirlərinin minimumlaşdırılması Azərbaycan üçün prioritetdir. Ölkə Prezidentinin rəhbərliyi ilə reallaşan siyasət imkan verdi ki, Azərbaycan pandemiyaya daha çevik reaksiya verən ölkələr sırasında olsun. Ümumdünya Səhiyyə Təşkilatının da qiymətləndirməsinə görə, Azərbaycan pandemiyaya qarşı effektli mübarizlə aparan ölkələrdəndir. Həm beynəlxalq qiymətləndirmə, həm də ölkə daxilində icra olunan paketlərin əhatə dairəsinin genişlənməsi bir daha ondan xəbər verir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşan siyasətin ana xəttini məhz vətəndaşlarımızn sağlamlığı, təhlükəsizliyi, eləcə də onların sosial təminatının gücləndirilməsi tutur. Bu baxımdan, Azərbaycan pandemiyanın iqtisadiyyata, sahibkarların fəaliyyətinə vurduğu zərərin azaldılması, eləcə də vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində effektli mübarizə aparan ölkədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti