Füzuli. Elçin Mehdiyev - Trend:
Füzulidə beynəlxalq hava limanının tikintisi çərçivəsində aşağıdakı işlər fəal şəkildə həyata keçirilir.
Trend-in məlumatına görə, AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında bildirib ki, genişfüzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisi davam edir. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr təşkil edəcək. Eyni zamanda, 60 min kv.m-ə qədər sahəsi olan perronun tikintisi davam edir.
Terminal binasında beton işləri başa çatdırılmışdır, hazırda metal konstruksiyaların qurulması işləri davam etdirilir. Terminalın dam örtüyü üçün nəzərdə tutulan materiallar İtaliyadan gətirilmişdir. Həmçinin Türkiyədən binanın fasad hissəsi üçün lazım olan materiallar sifariş verilmişdir. Elektrik və mexaniki avadanlıq Avropadan sifariş verilmişdir.
Hava gəmiləri uçuşlarının aeronaviqasiya və işıq-texniki təminatı üzrə avadanlığın quraşdırılması üçün zəruri olan infrastrukturun hazırlanması ilə bağlı işlər tamamlanmışdır. Qeyd etmək lazımdır ki, bu avadanlıq zavod sınaqlarından uğurla keçib və artıq Füzulidəki beynəlxalq hava limanı üçün çatdırılmışdır.
Gələcək aerovağzal kompleksini elektrik enerjisi ilə təmin etmək üçün əsas transformator yarımstansiyasının (10 kVt) tikintisi və elektrik xətlərinin çəkilməsi ilə bağlı işlər başa çatdırılıb. Bu məqsədlə 2,5 kilometrlik sahədə minalardan təmizləmə işləri aparılmışdır
Hava limanı ərazisində qazanxana və digər köməkçi bina və sahələrin tikintisi davam edir;
Fasiləsiz su təminatı məqsədilə artezian quyusunun qazılması, həmçinin su rezervuarlarının tikintisi üzrə işlər başa çatdırılıb;
Tikinti prosesini optimallaşdırmaq üçün Füzuli hava limanının yaxınlığında asfalt və beton zavodu inşa edilmişdir;
Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin edilməsi üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir.
Yaxın gələcəkdə aşağıdakılar gözlənilir:
- aerovağzal kompleksinin ərazisinin minalardan təmizlənməsi üzrə işlərin başa çatdırılması;
- 5 sentyabr tarixində ilk reysin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Həmin tarixədək uçuş-enmə zolağı istifadəyə veriləcək, aeronaviqasiya vasitələri quraşdırılacaq və avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə qülləsinin tikintisi başa çatdırılacaq. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaqdır. Həmin tarixədək aerovağzal kompleksinin tikintisi qismən başa çatdırılacaqdır.
- ilin sonunadək sərnişin terminalının tikintisi və Füzulidə beynəlxalq hava limanının fəaliyyəti üçün lazımi infrastrukturun təmin edilməsi üzrə işlərin başa çatdırılması planlaşdırılır.