...

Zəfər iqtisadiyyatı: Azad olunmuş ərazilərin iqtisadi artıma təsirləri

İqtisadiyyat Materials 10 Noyabr 2021 15:12 (UTC +04:00)
Zəfər iqtisadiyyatı: Azad olunmuş ərazilər iqtisadi artıma təsirləri
Zəfər iqtisadiyyatı: Azad olunmuş ərazilərin iqtisadi artıma təsirləri

Bakı. Çingiz Səfərli - Trend:

Müzəffər Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra qarşıda dayanan əsas vəzifə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, bərpa-yenidənqurma işlərinin aparılması və qayıdışın təmin edilməsi üçün lazımi infrastrukturun formalaşdırılmasıdır. 30 ilə yaxın düşmən tapdağında qalan, yeraltı və yürüstü sərvətləri talan edilən, ekologiyası çirkləndirilən, torpaqları minalarla zəhərləndirilən ərazilərimizdə artıq bir ildir sürətli yenidənqurma işləri görülür.

Həyata keçirilən layihələrə nəzər salsaq, qısa zamanda kifayət qədər böyük yol qət edildiyinin şahidi olarıq. Pandemiyanın qlobal təsirlərinin davam etdiyi bir vaxtda müharibədən çıxmış bir ölkə üçün bu miqyasda tikinti-quruculuq işlərinin həyata keçirməsi dövlətin iqtisadi qüdrətinin, aparılan uğurlu siyasətin və Azərbaycan xalqının əzm və iradəsinin göstəricisidir.

Trend-ə açıqlamasından iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa, o cümlədən inşaat işləri bir tərəfdən həmin ərazilərimizdə yeni dəyərin formalaşmasına, eyni zamanda məşğulluğun təmin edilməsinə imkan yaradır:

“Beynəxalq maliyyə qurumlarının hesabatları da göstərir ki, Azərbaycanda xüsusən 2020-2021-ci illərdə iqtisadi artıma təsir göstərən amil işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Bu istiqamətdə ayrılmış vəsaitlər yeni dəyər formalaşdırdığı üçün ÜDM-nin artım tempinə artıq təsir göstərməkdədir. Növbəti illərdə bu təsirlər daha da çox olacaq. Eyni zamanda Biz ayrı-ayrı infrastruktur layihələrinə diqqət yetirsək, həmin layihələr həm müvəqqəti, həm də daimi iş yerlərinin yaradılmasına imkan yaradır. Məsələn, Füzuli Beynəxalq Hava Limanının inşasında birinci mərhələdə 600-dən artıq vətəndaşımız işlə təmin olunub, eyni zamanda aeroport istifadəyə verildikdən sonra daimi iş yerlərində çalışan vətəndaşlarımızın sayında artımlar olub. Digər tərəfədən işğaldan azad olunmuş ərazilərimizdə 600 kilometrdən artıq avtomobil yolları salınır və bərpa olunur. Bu da öz növbəsində yeni iş yerlərinin yaradılmasına imkan verir. Nəzərə alsaq ki, bu ərazilərdə yenidənqurma işlərinin daha geniş miqyasda aparılması nəzərdə tutulur, bu, məşğulluğun artmasına daha çox təsir edəcək”.

İşğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də mühüm işlər görülür. Şirin su ehtiyatlarımızın 20 faizinin bu ərazilərin payına düşməsi və münbit torpaqların zənginliyi kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar vəd edir. İşğaldan əvvəlki dövrdə ölkədə taxıl istehsalının 14,3, pambıq istehsalının 3,3, üzüm istehsalının 31,5, kartof istehsalının 6,3, ət istehsalının 14,5, süd istehsalının 17,1, yumurta istehsalının 3,6, yun istehsalının 19,3, barama istehsalının 17 faizi həmin ərazilərin payına düşürdü. Təsadüfi deyil ki, “Ağıllı kənd” layihəsində də torpaqlardan məqsədyönlü şəkildə istifadə edilməsi, əldə olunan məhsulların emalı üçün lazımi infrastrukturun yaradılması nəzərdə tutulub.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Trend-ə bildirib ki, ərazilərin bərpa edilməsi, əkin işlərinə başlanılması ölkədə kənd təsərrüfatı məhsullarının bolluğuna səbəb olacaq ki, bu da öz növbəsində bu məhsulların qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq:

“Əlbəttə ki, işğaldan azad olunmuş torpaqlar öz münbitliyi və məhsuldarlığına görə seçilir. Sovetlər dövründə bu torpaqlarda bol pambıq, taxıl, üzüm, tərəvəz və digər kənd təsərrüfatı məhsulları yetişdirilib, heyvandarlıq inkişaf etdirilib. Böyük potensiala malik ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması ölkədə aqrar sahənin inkişafına yeni təkan verməklə bərabər, həm də xaricdən idxal olunan kənd təsərrüfatı məhsullarının qarşısını xeyli dərəcədə alacaq, eyni zamanda Azərbaycanın ixrac potensialını artıracaq”.

Azad olunan ərazilərimizin mədənçilik baxımından da xüsusi imkanları var. Yataqlarımız uzun illər düşmən tərəfindən istismar olunub və sərvətlərimiz talan edilib. Artıq bu mədənləri də geri qaytarmışıq və bundan sonra ölkəmizin iqtisadi imkanlarının artırılması məqsədilə işlədiləcək.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, təbii ehtiyatlar baxımından Zəngilan, Kəlbəcər və Laçın Qarabağ iqtisadi rayonuna daxil olan bir çox rayonlarımızdan müqayisəli üstünlüyə malikdir.

“Bu bölgələrimizdə kifayət qədər böyük təbii ehtiyatlar mövcuddur. Bu da təbii ki, mədənçiliyin inkişafına imkan yaradır. Türkiyə şirkətləri ilə filiz yataqlarının işlənməsi istiqamətində razılaşma əldə olunub. Əməkdaşlığın həm yerli, həm də digər xarici şirkətlərlə davam etdirilməsi gözlənilir. Bu da təbii ki, həmin ərazilərimiz üçün yeni olan istehsal sahəsinin formalaşmasına imkan verəcək”.

Qeyd edək ki, xarici şirkətlər də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə böyük maraq göstərir. Artıq bəzi ölkələr işğaldan azad olunan ərazilərimizə investisiya qoyuluşunda iştirak edib. Buna son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və əlverişli investisiya qoyuluşunun təmin edilməsi istiqamətində mühüm islahatlar da təsirini göstərir. Təsadüfi deyil ki, COVID-19 pandemiyasının dünya iqtisadiyyatında yaratdığı böhran şəraitində belə Azərbaycan iqtisadiyyatı öz inkişaf tempini qoruyub saxlayıb və bu böhrandan minimum itkilərlə çıxmağa nail oldu. Eyni zamanda Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması da investisiya imkanlarını artırır.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti