Bakı. Çingiz Səfərli - Trend:
Cari il ərzində, bu günə qədər 60 min unsiyaya yaxın qızılın, 133 min unsiyaya yaxın gümüşün satışından 187 milyon manatdan çox vəsait cəlb edilib.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib. O bildirib ki, bunun 176 mln. manatını ixrac, 7,4 mln. manatını pərakəndə satış və 3,7 milyon manatını isə xammal satışı təşkil edir.
"Gələn ilin əvvəlində yekun rəqəmləri söyləmək mümkün olacaq. Ümumilikdə, Cəmiyyət fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün satışına nail olub. Bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 milyon manat cəlb edilib", - deyə "Azergold" rəhbəri qeyd edib.
Z.İbrahimovun sözlərinə görə, hasilat həcminin artırılması, ixracın genişləndirməsi ilə yanaşı, resursların artırılması istiqamətində də fasiləsiz olaraq işlər aparılıb.
"Fəaliyyət dövrü ərzində 222 min metrə yaxın buruqqazma işləri icra edilib. İstismarına hazırlıq görülən yataqların əlvan metal resursları beynəlxalq standartlara əsasən, qızıl ekvivalentində unsiya olaraq (179 min unsiyadan 4 milyon 447 min unsiyaya qədər) ümumilikdə 24 dəfə artırılıb", - deyə o bildirib.