...

Sahib Məmmədov iqtisadiyyat nazirinə müavin təyin olundu

İqtisadiyyat Materials 24 Dekabr 2021 15:36 (UTC +04:00)
Sahib Məmmədov iqtisadiyyat nazirinə müavin təyin olundu

Bakı. Humay Ağacanova - Trend:

Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, S.Məmmədov 1978-ci ildə anadan olub.

2000-ci ildə Kiyev Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.

BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun “Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi” (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində “Regional iqtisadi inkişafın dəstəklənməsi” üzrə kursları (İrlandiya) bitirib.

2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində “Europa House”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib.

2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə", 2018-ci ildə “Tərəqqi” medalları ilə təltif olunmuşdur.

Ailəlidir, 2 övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti