...

Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 59% artıb (FOTO)

İqtisadiyyat Materials 28 Fevral 2022 14:53 (UTC +04:00)
Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 59% artıb (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

“İxrac icmalı” nın fevral sayına əsasən, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 86,2 mln. ABŞ dolları və ya 59% artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə bildirilib.

2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 mln ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5%, pambıq lifi ixracı 56,4%, pambıq iplik ixracı 34,5%, şəkər ixracı 24,1%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 10,2% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 31% artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 71,9% artaraq 172 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (70,6 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (14,5 milyon ABŞ dolları) olub.

2022-ci ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,2 milyon ABŞ dolları) birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və meşə fındığı (15,9 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar ayında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Aqrovest” MMC, “P-Aqro” MMC, “Çinar Aqro” MMC, “Almeyvə” MMC, “Product Service” MMC, “ZR-78 Company” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, Nemət Yalçın Oqtay oğlu.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Naxçıvan MR Dövlət Energetika Xidməti”, “Azəri M-I Drilling Fluids” MMC”, “Bakı Metropoliteni” QSC, “EnerjiServisTikintiTəmirSazlama” MMC.

2022-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 29 ölkəsinə 2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil edib.

2022-ci ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 0,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 0,4 milyon ABŞ dolları ilə ABŞ, 0,4 milyon ABŞ dolları ilə Fransa, 0,2 milyon ABŞ dolları ilə BƏƏ, 0,1 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2022-ci ilin yanvar ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 204,7 milyon manat təşkil edib.

2022-ci ilin yanvar ayında Azexport.az portalına 45,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin yanvar ayında Azexport.az portalına ən çox ixrac sifarişi sifarişi toyuq əti, toyuq yumurtası, şərab, xurma, pomidor, pambıq yağı, kərə yağı, tikinti materialları, tütün, mühərrik yağı, pambıq lifi və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 yanvar tarixinə kimi (61 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,8 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac icmalı”nda göstərilib ki, 2022-ci ilin fevral ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17 milyon ABŞ dolları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti