Bakı. Trend:
Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə davam etdirilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yolun uzunluğu 6.8 km, eni 32 metr təşkil edir. Zığ qəsəbəsi üzrə 2, Hövsan istiqaməti üzrə 3 olmaqla 5 hərəkət zolağından ibarət olacaq yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol çiyinlərinin eni 3 metrdir.
Layihəyə uyğun olaraq yolboyu kommunikasiya xətlərinin köçürülməsi, yararsız qruntun qazılaraq çıxarılması, əks dolğu işləri aparılmaqla kipləşdirmə, həmçinin suötürücü boruların inşası artıq yekunlaşdırılıb. Ümumilikdə 300 m uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 km uzunluğunda beton küvetlərin inşası işləri aparılıb.
Hazırda yolboyu son mərhələdə olmaqla asfaltlanma işləri aparılır. Ümumilikdə yola 4 qat və 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Layihə çərçivəsində yolayrıcı zolaqlarda və zəruri yerlərdə səki daşları düzülüb.
Yenidənqurma işləri çərçivəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə, yolun 1.8, 2.2 və 4.4-ci km-lik hissələrində yerüstü piyada keçidlərinin inşası davam edir, işıq dirəkləri və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri icra olunur.
Son mərhələdə siqnal dirəkləri, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol vətəndaşların istifadəsinə veriləcək.