...

Azərbaycanın Qazaxıstana yatırdığı investisiyaların həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 Oktyabr 2022 20:23 (UTC +04:00)
Azərbaycanın Qazaxıstana yatırdığı investisiyaların həcmi açıqlanıb

Bakı. Trend:

Bu günə kimi Azərbaycanın Qazaxıstana yatırdığı investisiyaların həcmi 204 milyon dollara çatıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Respublika Günü və Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Nazir qeyd edib ki, Qazaxıstan və Azərbaycan dost ölkələrdir, strateji tərəfdaşdırlar.

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya səfəri zamanı imzalanmış münasibətlərin möhkəmləndirilməsi haqqında bəyannamə, eləcə də 20 sənəd ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm əsas təşkil edir.

P.Şahbazov iki ölkənin regional məsələlərdə həmrəy olduğunu da qeyd edib.

"Qazaxıstan hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və hazırda işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrdə iştirak edir", - nazir bildirib.

O, nəqliyyat və logistika sahəsində əməkdaşlıq, Orta Dəhliz layihəsi və digər birgə investisiya layihələrinin ölkələr arasında əlaqələrin yeni səviyyəyə qaldırılmasına imkan verdiyini vurğulayıb.

"İndiyədək Azərbaycanın Qazaxıstana yatırdığı investisiyaların həcmi 204 milyon dollara, Qazaxıstanın Azərbaycana yatırdığı investisiyaların həcmi isə 100 milyon dollara çatıb. Səkkiz ay ərzində ikitərəfli ticarətin həcmi 369 milyon dollar təşkil edib", - P.Şahbazov bildirib.

Ölkələrin bütün səylərinin birgə inkişafa və uğura yönəldiyini qeyd edən nazir əlavə edib ki, Qazaxıstanla Azərbaycan arasında əlaqələr bundan sonra da regional sabitliyə və hər iki ölkənin rifahına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti