Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) mart ayının 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək.
ADY-dən Trend-ə verilən məlumata görə, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq.
Bildirilib ki, marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır.
"Hərəkət cədvəlinə gəlincə sürətli sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq. Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 km/saat təşkil edəcək", - deyə məlumatda qeyd olunub.