Bakı. Trend:
Bu ilin iyun, yaxud iyul ayında Bakı limanının mineral gübrə terminalının işə salınacağı gözlənilir.
Bu barədə bazar ertəsi Trend-in sualını cavablandıran Bakı limanının baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə, terminalın tikintisinin mayın sonunadək tamamlanması planlaşdırılır.
"Bu terminal böyük əhəmiyyətə malik olacaq, belə ki, Mərkəzi Asiyadan Qərbə böyük həcmdə mineral gübrələr aşırılır. Yeni terminalın gücü illik 1-1,5 milyon tondur, mineral gübrələrin aşırılmasında limanın ümumi potensialı isə ildə 2,5 milyon tona çatacaq", - deyə T.Ziyadov əlavə edib.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına əsasən, Bakı limanı vasitəsilə 6,3 milyon tondan artıq yük aşırılıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 14 faiz artımdan xəbər verir. Bundan başqa, ötən ilin yekunlarına əsasən təqribən 52,3 min TEU-konteyner aşırılıb ki, bu da 2021-ci ildən 16 faiz yüksəkdir. Konteyner aşırılması üzrə göstəricinin stabil artımı ötürücülük qabiliyyətini 100 mindən 500 min TEU-konteynerə çatdıracaq böyük konteyner terminalının tikintisinin ortamüddətli və uzunmüddətli perspektivinin zəruri olduğundan xəbər verir.