...

İşğaldan azad edilmiş ərazilərdə biznes başlatmaq üçün müraciətlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 21 Fevral 2024 14:30 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərdə biznes başlatmaq üçün müraciətlərin sayı açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

15 fevral 2024-cü il tarixinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə işğaldan azad edilmiş ərazilərdə biznes başlatmaq üçün sahibkarlar tərəfindən 1780 müraciət daxil olub.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Ərazilərin Bərpası və İnkişafı Departamentinin direktoru Zamin Bədirxanov "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrans çərçivəsində panel müzakirəsində deyib.

"1780 müraciətin 497-si əcnəbi, 1283 müraciət isə yerli şirkətlər tərəfindən daxil olub. Müraciətlərin böyük bir hissəsi tenderlərdə iştirakla əlaqədar olub", - deyə o qeyd edib.

Z.Bədirxanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma-tikinti işlərinin icrası üzrə müxtəlif sahələrdə bir sıra layihələrin icrasına dövlət büdcəsindən 2021-ci ildən indiyədək təqribən 16 milyard manat ayrılıb.

"Yerli və əcnəbi investorlar üçün əlverişli işgüzar mühitin yaradılması üzrə islahatların davamı olaraq, Ağdam rayonunda 190 hektar sahədə lazımi infrastrukturla təmin olunmuş Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə 200 hektar sahədə "Araz Vadisi İqtisadi Zonası" yaradılıb. Qeyd olunan sənaye parklarında fəaliyyət göstərən rezidentlər qeydiyyatdan keçdikləri tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir, ƏDV vergisi və idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə gömrük rüsumlarından azad olunurlar. Hazırsa sözügedən sənaye parklarında 37 müəssisə qeydiyyatdan keçib ki, bu da 2400 yeni iş yerinin açılmasına imkan verəcək. Bu layihələrə yatırılacaq investisiyaların həcmi təqribən 153 milyon ABŞ dollarıdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, artıq bir neçə yaşayış rayonunun, o cümlədən yol-nəqliyyat, enerji, kommunikasiya infrastrukturunun, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin və digər sosial obyektlərin bərpası və yenidən qurulması başa çatıb.

Qeyd edək ki, fevralın 21-də Bakıda "Qarabağ bölgəsində su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrans keçirilib.

Konfrans Almaniya və Azərbaycandan maraqlı tərəflərin bir araya gələrək Qərbi Azərbaycanda efektiv su təchizatı və çirkab sularının təmizlənməsi üçün həllər axtarması üçün nəzərdə tutulub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti