Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) əsas məqsədlərindən biri "Technest" Təqaüd Proqramının məzunlarının sayını 5 min tələbəyə çatdırmaqdır.
Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) Rəqəmsal Bacarıqların İnkişafı şöbəsinin rəhbəri Fatimə Ələkbərova 2023-cü ilin yekunları və 2024-cü il üzrə hədəflərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü il ərzində 1864 tələbə "Technest" Təqaüd Proqramını öyrənməyə başlayıb.
"Təqaüd proqramının məzunları 3 min tələbədən çoxdur və bunların 91 faizi işlə təmin olunub. Bu il üzrə planlara gəlincə, agentlik məzunların sayını 5 min nəfərə çatdırmaq, iki beynəlxalq tərəfdaşlıq imzalamaq, eləcə də "Full Stack veb proqramlaşdırma" və "Kibertəhlükəsizlik" istiqamətləri üzrə yeni tədris proqramları yaratmağı hədəfləyir", - deyə o vurğulayıb.
Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət edir. Agentliyin prioritet istiqamətlərini nüvə elmi və texnologiyaları sahəsində sınaq təcrübələrinin keçirilməsi, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarda və innovasiya layihələrində (startaplarda) dəstəklənməsi, müasir texnologiya və texnoloji həllərin əldə edilməsində köməklik göstərilməsi, ölkədə İKT sahəsində maarifləndirici və karyera imkanlarının əlçatanlığının təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin təşkil olunması təşkil edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)
