...

Ötən həftə Azərbaycanın maliyyə sektorunda nə baş verib? - HƏFTƏLİK İCMAL

İqtisadiyyat Materials 24 Fevral 2025 15:27 (UTC +04:00)
Ötən həftə Azərbaycanın maliyyə sektorunda nə baş verib? - HƏFTƏLİK İCMAL
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə İslam İnkişaf Bankı (IsDB) və Azərbaycan Mərkəzi Bankı (AMB) arasında sukuk emissiyası sahəsində əməkdaşlıq müzakirə edilib.

Trend-in məlumatında görə, keçən həftə həm də Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Ər-Riyadda Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyi və Beynəlxalq Valyuta Fondunun regional ofisi tərəfindən təşkil olunmuş İnkişaf etməkdə olan ölkələrin bazarları üçün Əl-Ula konfransı çıxış edib.

O, Azərbaycanda bank aktivləri ilə ÜDM nisbətinin 42% təşkil etdiyini diqqətə çatdırıb.

"Bank sektoru bütövlükdə maliyyə sisteminin təxminən 95%-ni əhatə edir. Pul-kredit siyasətinin başqa bir çağırışı geniş pul kütlələrində (M2) nağd pulların payıdır (M0) ki, bu da 43% təşkil edir. Bu, o anlama gəlir ki, dövriyyədə əhəmiyyətli miqdarda nağd vəsait qalmaqdadır”, - deyə AMB sədri bildirib.

T.Kazımov 2022-ci ilin oktyabr ayında Azərbaycanda inflyasiya səviyyəsinin 15,6 faizlik ən yüksək göstəricisinə çatdığını xatırladıb.

“2024-cü ilin sonuna kimi biz onu 4,9 faizə endirməyə nail olduq. Bizim proqnozlar göstərir ki, qeyri-müəyyənliyi nəzərə alsaq, bu il inflyasiya 5,5 faiz təşkil edəcək, gələn il isə 3.8 faiz civarında olacaq. Beləcə, biz Mərkəzi Bankın 4% ± 2% -lik hədəf diapazonundayıq. İnflyasiyanın səbəblərinə gəlincə, Azərbaycanın nümunəsində, biz inflyasiyanı idxal edirik.

Bizim ticarət tərəfdaşlarımızda orta illik inflyasiya səviyyəsi son 3 il ərzində 15,8 faiz təşkil edib. Sabit valyuta məzənnəsi siyasətini rəhbər tutaraq, nominal effektiv məzənnənin möhkəmlənməsi yolu ilə inflyasiyanı cilovlamağa nail olmuşuq. Nominal effektiv məzənnənin orta illik möhkəmlənməsi 13% təşkil edib ki, bu da bizə idxal inflyasiyası ilə mübarizədə əhəmiyyətli üstünlük qazandırıb", – deyə AMB sədri qeyd edib.

Bu konfrans çərçivəsində Səudiyyə Mərkəzi Bankının monetar məsələlər üzrə sədr müavini Talal Əl-Humud ilə görüşən AMB sədri pul siyasətinin təkmilləşdirilməsi və ötürücülüyünün artırılması, eləcə də, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Bunlardan başqa, AMB “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat”ı təsdiq edib.

Eyni zamanda, Azərbaycan Mərkəzi Bankı xüsusi tənzimləmə rejimində iştirakla bağlı müraciətlərin qiymətləndirilməsinə başlayıb.

Həmçinin, Azərbaycan və Çinin mərkəzi bankları arasında monetar siyasət sahəsində həyata keçirilən islahatlar, eləcə də, digər məsələlər müzakirə edilib.

Keçən həftə AMB tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulub.

AMB ilə Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası 3 layihəsi” çərçivəsində Mərkəzi Bank ilə Dünya Bankı Qrupu tərəfindən birgə hazırlanmış “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib.

Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings”in məlumatına görə, Azərbaycanda 2025-ci ildə kredit artımını təxminən 15% proqnozlaşdırılıb. Ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 14%, korporativ borcun ÜDM-ə nisbəti isə 10% təşkil etdiyini bildirib.

Ötən həftə Azərbaycanda əhalinin bu ilin yanvar ayı üzrə nominal gəlirləri açıqlanıb. Belə ki, ölkə əhalisinin nominal gəlirləri 5 milyard 967,8 milyon manat olub.

Bunlarla yanaşı, Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) arasında dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təkliflər müzakirə olunub.

Tərəflər arasındakı digər görüşdə ölkə üçün ortamüddətli dövrdə sosial iqtisadi inkişaf və investisiyaların təşviqi üzrə prioritetləri və AİB-nin Ölkə Tərəfdaşlıq Strategiyasının (2025-2029) əhatə edəcəyi sahələri nəzərdən keçirilib.

Ötən həftə açıqlanan məlumata görə, ötən il Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 100 təşkilatda nəzarət tədbirləri həyata keçirilib. 57 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 13.331,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.

Azərbaycan və Türkiyə iqtisadi tərəfdaşlığın prioritet istiqamətlərini nəzərdən keçiriblər.

Azərbaycan və Belçika investisiya tərəfdaşlığının gücləndirilməsini müzakirə edib.

İrandan Azərbaycana birbaşa investisiyaların həcmi açıqlanıb. Məlumata görə, Azərbaycan Avrasiya regionunda İran investisiyalarının əsas alıcısıdır və ümumi investisiyanın 91 faizini və ya 2,93 milyon dolları təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti