Antalya. Trend:
Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı (IOFS) Azərbaycanın 2025-ci ilin iyul ayında təşkilata rəsmi şəkildə qoşulacağına ümid edir.
Bunu Trend-ə IOFS baş direktoru, səfir Berik Arın Antaliya Diplomatik Forumu (ADF) çərçivəsində verdiyi özəl müsahibədə bildirib.
“Biz Azərbaycanla tərəfdaşlığa yüksək dəyər veririk. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu yaxınlarda İOFS Astanadakı qərargahına baş çəkməsi bizim ikitərəfli əməkdaşlığımızın inkişafında dönüş nöqtəsi oldu. Qəzzaya humanitar yardımla bağlı çağırışımıza səxavətli töhfə verdiyinə görə Azərbaycana dərin minnətdarlığımı ifadə etdim. Onun sayəsində atəşkəsin ilk günündə Qəzzaya humanitar yardımın undan ibarət ilk partiyasının göndərilməsinə nail olduq - bu İslam həmrəyliyinin nəzərəçarpan rəmzinə çevrildi.
Bundan başqa, Berik Arın bildirib ki, Azərbaycanla əməkdaşlıq aqrar elm və innovasiyalar sahəsinə də sirayət edir.
“Biz Azərbaycanın aqrar tədqiqatlar mərkəzi ilə sıx əməkdaşlıq edirik və Elmi-Tədqiqat İnstitutunun Genetik bankın yaradılması və İOFS himayəsi altında buğda becərilməsinin inkişafı üzrə proqramlarda aktiv iştirakını yüksək qiymətləndiririk. Tərəfdaşlığın bu istiqamətləri Azərbaycanın kənd təsərrüfatının gücləndirilməsinə və regionda ərzaq təhlükəsizliyinin təmin olunmasına can atdığını göstərir”
Biz 2025-ci ilin iyul ayında Astanada keçirilməsi nəzərdə tutulan İOFS 7-ci Baş Assambleyasına hazırlaşırıq. Ümid edirik ki, Azərbaycan Assambleya çərçivəsində İOFS nizamnaməsini imzalamaqla təşkilata üzvlüyünü rəsmiləşdirək - bu onun təşkilatın idarəolunması və strateji inkişafında tamdəyərli iştirakına imkan vermiş olacaq”, - deyə baş direktor bildirib.
O əlavə edib ki, Ərzaq Təhlükəsizliyi üzrə İslam təşkilatının əsas fəaliyyəti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində ərzaq təhlükəsizliyini, dayanıqlı kənd təsərrüfatını və aqrar rayonların inkişafını təmin etməkdən ibarətdir.
“IOFS missiyası İƏT üzv-dövlətlərində sosial-iqtisadi inkişaf və kənd təsərrüfatı, elm və texnologiya, humanitar yardım, ticarət sahələrində hədəf proqramlarının sistemli təşviqi və ərzağın üzv dövlətlərə ixracından ibarətdir. Antalya Diplomatik Formnunda IOFS, İƏT üzv dövlətlərinin mövcud aqro-ərzaq problemlərinin həlli məqsədilə çoxtərəfli əməkdaşlığa çağırır”, - deyə Arın bildirib.
Baş direktor bildirib ki, bu istiqamət çərçivəsində İOFS prioritetlərin konkret proqramlar və layihələrə çevrilməsinə yönəlmiş əsas mandatları həyata keçirək.
“Əfqanıstan üçün Ərzaq Təhlükəsizliyi Proqramını (AFSP) da qeyd etmək istərdim ki, İOFS onun çərçivəsində 2022-ci ildən bəri ölkəyə humanitar yardım göstərir və kənd təsərrüfatına dəstək olur. 49-cu İƏT xarici işlər nazirləri şurası (Nuakşot, 2023) tərəfindən işə salınmış Afrikada Ərzaq Təhlükəsizliyi üzrə Təşəbbüs (AFSI), ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliyinə adaptasiya, Afrikada, ələlxüsusu Saheliya və Şimali Afrika bölgəsində su ehtiyatlarının idarəolunması üzrə kompleks strategiyadır. Bundan savayı, IOFS-in 2031-ci ilə qədər olan Strateji Baxışından irəli gələn təşəbbüsləri də qeyd etmək vacibdir”, – deyə o vurğulayıb.
Arın bildirib ki, IOFS, eyni zamanda, İƏT üzv dövlətlərində ərzaq təhlükəsizliyinin təmin olunması üzrə Strateji plan (SPEFS-OİC) hazırlayır.
“Hazırda bu sənəd 2025-ci ilin fevralında Qətərin sədrlik etdiyi 9-cu Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi üzrə Nazirlər Konfransı çərçivəsində keçirilən virtual regional məsləhətləşmələrdən sonra yekun razılaşdırma mərhələsindədir. Təsdiqləndikdən sonra sənəd İƏT-ə üzv ölkələrin aqro-ərzaq sistemlərinin üzləşdiyi aktual problemlərin həllinə yönəlmiş çoxtərəfli əməkdaşlıq üçün mühüm və səmərəli alətə çevriləcək”, - deyə o bildirib.
IOFS-in baş direktoru qeyd edib ki, təşkilatın əsas prioriteti İƏT üzv ölkələri arasında koordinasiyanın dərinləşdirilməsi, dayanıqlı kənd təsərrüfatını dəstəkləyən praktiki və genişlənə bilən proqramların həyata keçirilməsidir.
“Buraya bilik mübadiləsi platformalarının genişləndirilməsi və buğda, düyü, manyok kimi strateji bitkilər üzrə birgə innovasiyaların təşviqi daxildir. Biz, həmçinin, müxtəlif regionlarda toxum ehtiyatının dayanıqlığını və aqrobiomüxtəlifliyin qorunmasını hədəfləyən IOFS Genetik Bankı təşəbbüsünü gücləndiririk. Bundan əlavə, inkişaf bankları, BMT agentlikləri və tədqiqat institutları ilə tərəfdaşlığın möhkəmləndirilməsi yolu ilə maliyyə və texniki resursların səfərbərliyini daha da aktivləşdirmək niyyətindəyik”.
Üzv dövlətlərlə qarşılıqlı əlaqələrin gedişində biz müəyyən etmişik ki, milli inkişaf strategiyalarında kənd təsərrüfatı sahəsinə elmi yanaşmalar zəif inteqrasiya olunub. Bəyan olunmuş öhdəliklərə rəğmən, əksər ölkələrdə kənd təsərrüfatı və ərzaq sitemi sahəsində elmi tədqiqatları prioritetləşdirəcək hədəf siyasətlər mövcud deyil, bu isə innovasiyaların zəif şəkildə tətbiqinə yol açır. Məhz bu səbəbdən 1-2 iyul Astanada keçiriləcək 7-ci İOFS Baş Assambleyasında İOFS Mükafatının yaradılması məsələsinə baxılacaq. Belə bir mükafatlandırma müxtəlif iştirakçıların üzv-dövlətlərdə mühüm və innovativ nailiyyətlərini qeyd etməyə imkan verəcək”, - deyə o bildirib.
Sonda Berik Arın bildirib ki, IOFS aqrotexnologiyalar sahəsində gənclər və qadınların zəif iştirakına ciddi şəkildə diqqət ayırmaq niyyətindədir, çünki onların ərzaq təhlükəsizliyi sahəsində innovasiyaların təşviqindəki potensialı, xüsusilə sosial cəhətdən həssas üzv dövlətlərdə, struktur və təhsil əngəlləri səbəbindən yetərincə realizə olunmur.
“Bununla əlaqədar 7-ci İOFS Baş Assambleyasında 2026-cı ilin Kənd təsərrüfatında qadın liderlərə və gənc aqrosahibkarlara dəstək ilinin elan olunması planlaşdırılır. İOFS ərzaq təhlükəsizliyi sahəsində reaktivdən yanaşmadan qabaqlayıcı strategiyalara keçidə sadiqdir və uzunmüdətli dayanıqlılıq və dayanıqlı inkişafa böyük önəm verir”, - deyə Arın sonda qeyd edib.