Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Rumıniya arasında ticarət əməliyyatlarının həcmi 244,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 129,5 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Hesabat dövründə Rumıniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,03%-i həcmində olub. Bununla da Rumıniya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 9-cu pillədə qərarlaşıb.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 227,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 127,6 milyon ABŞ dolları və ya 2,3 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə Rumıniyadan Azərbaycana 16,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon ABŞ dolları və ya 13,2% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.