Bakı. Trend:
Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) əsas prioritetlərindən biri ölkədə dayanıqlı maliyyə axınlarını təşviq edəcək ekosistemin inkişafı olacaq.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu çərçivədə “yaşıl sığorta” məhsullarının tətbiq imkanları araşdırılacaq və bu istiqamətdə perspektivlər müəyyənləşdiriləcək: “Yaşıl sığorta” məhsulları, iqlim risklərinə qarşı maliyyə təhlükəsizliyini təmin etməklə, həm ölkənin, həm də müəssisələrin dayanıqlılığını artırmağa xidmət edəcək. Bununla yanaşı, yaşıl suveren istiqrazların tədbiqi üzrə təkliflər hazırlanacaq. Belə istiqrazlar dövlətin yaşıl layihələr üzrə maliyyələşdirməsini artırır və beynəlxalq investorların diqqətini cəlb edir”.
“Eyni zamanda, dövlət dəstək alətlərinin yaşıllaşdırılması üzrə təkliflər hazırlanacaq. Dövlətin iqlim maliyyələşməsində oynadığı mühüm rol nəzərə alınaraq dövlət dəstək mexanizmlərinin portfelinin tədricən yaşıllaşdırılması maliyyə dəstəyinin ekoloji baxımdan dayanıqlı və yaşıl layihələrə yönləndirilməsini təmin edəcək”, - deyə məlumatda qeyd olunub.