Bakı. Trend:
2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək Bakının təkrar mənzil bazarında 1 kvadratmetr üçün yeni və köhnə tikililər üzrə orta qiymətin aylıq dinamikasında yeni tikililərdəki mənzillərin kvadratmetr qiymətlərinin il ərzində köhnə tikililərə nisbətən daha sürətlə artdığı görünür.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev deyib.
O bildirib ki, Bakı şəhərinin təkrar mənzil bazarında 1 kvadratmetr üçün orta qiymət həm yeni tikililər, həm də köhnə tikililər üzrə yüksəlmə trendi göstərib:
“2024-cü ilin aprel ayında bazarda 1 kvadratmetrin orta qiyməti dəyişən strukturla (yəni bazardakı mənzillərin faktiki strukturuna uyğun hesablanan) təxminən 2000 AZN/kv.m civarında idi (yeni tikililər üçün bir qədər yüksək, köhnə tikililər üçün bir qədər aşağı) və ilin qalan hissəsində ardıcıl artım müşahidə edildi. 2025-ci ilin aprelinə gəldikdə yeni tikililərdə orta qiymət təxminən 2300-2400 AZN/kv.m həddinə çatdı, köhnə tikililərdə isə təxminən 2000-2050 AZN/kv.m oldu.
Beləliklə, bir il ərzində kvadratmetr qiymət artımı yeni tikililərdə təxminən 15-17%, köhnə tikililərdə isə 10-12% təşkil edib (bu da illik inflyasiya tempini xeyli üstələyir). Məsələn, 2025-ci ilin fevral ayı etibarilə təkrar bazarda yeni tikililərdə qiymətlər 1,5% aylıq və 10,9% illik, köhnə tikililərdə isə 1,1% aylıq və 9,8% illik artım göstərirdi. Bu rəqəmlər aprel ayı üçün də bənzər səviyyədə qalıb, mart-aprel aralığında təxminən 1 %-ə yaxın aylıq bahalaşma davam edib”.