Bakı. Trend:
Ötən il dövlət büdcəsindən Formula 1 üçün 168 milyon manat ayrılıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, ötən il dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün (o cümlədən Formula 1 Azərbaycan Qran-Prisi üçün 168,0 milyon manat, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün 10,0 milyon manat, İnvestisiya Təşviqi Forumu və digər təşviqat tədbirləri üçün 4,5 milyon manat, 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üçün 3,5 milyon manat, 11-ci Qlobal Bakı Forumu üçün 2,6 milyon manat, Xarıbülbül Beynəlxalq Musiqi Festivalı üçün 2,3 milyon manat, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 3-cü iclasının İsveçrə Konfederasiyasında keçirilməsi üçün 1,0 milyon manat, Asiya Parlament Assambleyasına sədrliklə bağlı tədbirlər üçün 767,4 min manat, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağı üçün 611,7 min manat, “Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü”nə həsr edilən II beynəlxalq konfrans üçün 500,0 min manat, Vaqif Poeziya Günləri tədbiri üçün 446,4 min manat, işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlb edilməsinin dəstəklənməsi üzrə tədbiri üçün 274,4 min manat, Vokalçıların Bülbül adına 9-cu beynəlxalq müsabiqəsi üçün 234,0 min manat, TÜRKPA-nın 13-cü plenar iclası, TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun 3-cü iclası və TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun 3-cü iclası üçün 209,8 min manat, bir sıra xarici ölkələrdə beynəlxalq konfransların və sərgilərin keçirilməsi üçün 199,9 min manat, Azərbaycan Parlamentinin 106-cı ildönümü münasibətilə Beynəlxalq Parlament Konfransı üçün 196,9 min manat, 16-cı Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı üçün 193,8 min manat, Yaşıl Enerji Forumu üçün 77,8 min manat, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin tədris qurumları tərəfindən təsis edilmiş Türk Ədliyyə Təlim Şəbəkəsinə (TƏTŞ) 2024-cü ildə ölkəmizin sədrliyi çərçivəsində keçirilməsi nəzərdə tutulan qurultay və konfrans üçün müvafiq olaraq 60,0 min manat və 58,8 min manat, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Borcunun Auditi üzrə İşçi Qrupunun illik toplantısı üçün 48,6 min manat, Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Gününə həsr edilən beynəlxalq konfrans üçün 43,9 min manat, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının 11-ci iclası və iclas çərçivəsində seminar üçün 40,2 min manat, Bakı Enerji Həftəsi üçün 40,1 min manat, Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi qrupunun illik toplantısı üçün 36,2 min manat, COP29 çərçivəsində enerji sahəsi üzrə tədbirlər üçün 33,1 min manat, Azərbaycan Respublikasının Almatı Prosesinə sədrliyi çərçivəsində yüksəkvəzifəli şəxslərin görüşü üçün 24,0 min manat) 195,9 milyon manat məbləğində vəsait istifadə edilib.
Beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün (o cümlədən BMT-nin Təhsil, Еlm və Mədəniyyət Təşkilatı (UNESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının fəaliyyəti ilə bağlı xərclər üçün 135,7 min manat, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentliyinin) fəaliyyəti ilə bağlı xərclər üçün 496,3 min manat, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) çərçivəsində keçirilən “Sülh naminə tərəfdaşlıq proqramı” və “Fərdi tərəfdaşlığa dair əməliyyat planı” üzrə tədbirlərlə bağlı xərclər üçün 379,5 min manat, Rumıniyanın Buxarest şəhərində yerləşən Tey parkı – Heydər Əliyev xiyabanının saxlanılmasına dəstək xərcləri üçün 86,0 min manat, Suriya Ərəb Respublikasında saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası ilə bağlı xərclər üçün 44,7 min manat, Avropa Şurası Baş Katibinin antisemitizm, antimüsəlmanlıq və dini dözümsüzlüyün digər formaları və nifrət cinayətləri üzrə xüsusi nümayəndəsinin ofisinə nümayəndənin ezam olunması ilə bağlı xərclər üçün 403,1 min manat, Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Azərbaycan Respublikasının Sərgi–Ticarət Mərkəzinin saxlanılması və idarə edilməsi ilə bağlı xərclər üçün 721,2 min manat, “Dubay Expo-2020” sərgisində quraşdırılmış Azərbaycan pavilyonunun saxlanılması ilə bağlı xərclər üçün 33,0 min manat, Azərbaycan Respublikasının iki nəfər hakiminin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Katibliyinə ezam olunması ilə bağlı xərclər üçün 297,5 min manat, Türkiyə Respublikasında qeyri-qanuni yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslər barəsində görüləcək tədbirlərlə bağlı xərclər üçün 237,2 min manat, “Osaka, Kansai Expo 2025” Ümumdünya Sərgisində iştirak üzrə xərclər üçün 18,3 milyon manat, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Almaniya Federativ Respublikasının Bonn şəhərində yerləşən Katibliyinə ezam olunması ilə əlaqədar xərclər üçün 74,8 min manat və sair xərclər üçün 366,3 min manat) 21,6 milyon manat məbləğində vəsait istifadə edilib.