Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “ExxonMobil” arasındakı əməkdaşlığın prioritetləri və Azərbaycanda qeyri-ənənəvi neft ehtiyatlarının potensialı müzakirə olunub.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi “X” hesabında məlumat paylaşıb.
“ABŞ-nin "ExxonMobil" korporasiyasının qlobal qeyri-ənənəvi kəşfiyyat üzrə meneceri Kit Simpson ilə SOCAR-la əməkdaşlığın prioritetlərini və Azərbaycanda potensial qeyri-ənənəvi neft ehtiyatlarının qiymətləndirilməsi üzrə görülmüş işləri müzakirə etdik. Aşağı emissiyalı biznes imkanlarının artırılması və səmərəli texnologiyaların tətbiqinin genişləndirilməsi barədə fikirlərimizi bölüşdük”,- deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında SOCAR və “ExxonMobil Corporation” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycanın neft-qaz sektorunda əməkdaşlığı nəzərdə tutur.
